Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat bütün əczaxanalarda əlillərə pulsuz dərman verilməsini təklif etdi

Deputat bütün əczaxanalarda əlillərə pulsuz dərman verilməsini təklif etdi


“Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası sahəsində mütərəqqi addımlar atılmaqdadır. Lakin bəzi mövcud problemlər də aradan qaldırılmalıdır.”

Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva plenar iclasda çıxışı zamanı belə deyib. Bildirib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda əlillərin dövlət hesabına peşə təhsili alması qeyd olunub: “Qanunda həmçinin əlil şəxslərin ali məktəblərə ödənişli əsaslarla daxil olduğu halda onların təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsinin də öz əksini tapması yaxşı olardı. Eyni zamanda inklüziv təhsil üzrə hüquqi baza yaradılmasına və mövcud Dövlət Proqramının tətbiqi genişləndirilməsinə zərurət var.”

Deputat qeyd edib ki, əlillərlə bağlı digər bir çətinlik yaradan məsələ onların işlə təmin olunması və əlillərə uyğun iş yerlərinin yaradılmasıdır: “Əlillərin fərdi reabilitasiya proqramları olmalı, onların hansı şəraitdə işləyə bilməsi müəyyən edilməlidir. Əlilliyi olan şəxslərin tibbi təminatının qanunda nəzərdə tutulması çox humanist addımdır. Lakin əlillər əlillik vəsiqəsini təqdim etməklə bütün apteklərdən rəsmi resept əsasında təyin edilmiş dərmanları pulsuz almaq imkanlarından məhrumdurlar. Bütün əczaxanalarda əlillərə pulsuz dərman verilməsi təmin edilsə, onların bununla bağlı çətinliklərini aradan qaldırar. Belə halda apteklərə təqdim olunan əlillik vəsiqələrinin etibarlılığının yoxlanılması üçün əlillərin dövlət reyestrinin elekton bazasına çıxış təmin edilə bilər. Bununla da, əlillərə rəsmi resept əsasında verilmiş dərmanların pulu dövlət hesabına ödənilə bilər”.

K.Nurullayeva hazırda ölkəmizdə əlilliyin müəyyən edilməsi və rəsmiləşdirilməsi proseslərinin elektron sistemə keçirilməsinə də toxunub. Bildirib ki, bununla belə, elektron qaydada müraciət edən zaman hansısa xırda və texniki səhv nəticəsində əlil olan şəxs rədd cavabı alır ki, bu da müəyyən problemlər yaradır: “Bu problemin də aradan qaldırılması olduqca vacibdir. Həmçinin, hesab edirəm ki, əlilliyin müəyyən edilməsi ilə bağlı göndərişlərin verilməsi üçün xüsusi səyyar komissiyaların yaradılması da məqsədəmüvafiq olardı”.

Deputat qanunda, həmçinin əlillərə şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatdan istifadə zamanı müəyyən güzəştlərin nəzərdə tutulmasını va vacib hesab edir.

“DOST Mərkəzi tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan əlilliyi olan şəxslərə evdə sosial xidmətlər göstərilir. Bu çox təqdirəlayiq haldır” deyən K.Nurullayeva hesab edir ki, bununla yanaşı, əlil şəxslərə baxan ailə üzvlərinin müvəqqəti olaraq onların yanında olması mümkün olmadığı hallarda əlillərə qayğı göstərmək üçün tam və ya yarım günlük baxım mərkəzləri də yaradıla bilər. Həmin mərkəzlərdə əlillər üçün sosial fəaliyyətlər də təşkil edilə bilər.

Ruhiyyə
Xəbəri paylaş