Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Süleymanov İngiltərədə 350 illik tarixi olan bina alıb.
Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, hazırda hotel kimi fəaliyyət göstərən binaya sabiq şöbə müdiri 1.4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyib.
Məlumata görə, sözügedən hotel sabiq şöbə müdirinin həyat yoldaşı, 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Ömərova Zaremanın adına rəsmiləşdirilib. Onun 2020-ci ildə Britaniyada təsis etdiyi DEAN VALLEY HOTEL LIMITED şirkəti üzərindən The Fence, St. Briavels, Lydney, England, GL15 6RB ünvanında yerləşən Lindors Country House Hoteli maliyyə çətinlikləri ilə üzləşmiş Carlauren Groupdan satın alınıb və adı dəyişdirilərək DEAN VALLEY MANOR adlandırılıb.
Bildirilib ki, Zarema Əfəndiyeva Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində həkim-radioloqdur.
Nazirliyin keçmiş şöbə müdiri isə 2020-ci ilin sentyabrında İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edib. Elnur Süleymanov və həyat yoldaşı, eləcə də valideynləri 2007-ci ildən Çexiyada Karlovi Varıda daşınmaz əmlak şirkətinin sahibidirlər.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mehman