Əksər xalqlarda "uğurdan başgicəllənmə" anlayışı" var, amma son günlər Rusiyanın siyasətçiləri, hərbçiləri, ekspertləri və media mənsubları əl-ələ verərək sanki bunun əksinin də mümkünlüyünü sübuta yetirməyə çlışırlar.
Vəziyyət xüsusilə də "Moskvanın" (hələlik gəminin) batırılmasından sonra kəskin şəkildə ağırlaşıb. Əvvəla, ondan başlayaq ki, qüdrətli dövlətin siyasətçiləri və onun yenilməz ordusunun komandirləri sanki gəminin batırılmasını etiraf etməkdən utanırlar.
Uydurduqları səbəblər, gəminin batma şəraiti haqda açıqlamalar o qədər absurd və ziddiyyətlidir ki, adam təhlil edib qanana kimi az qalır qanmaza çevrilsin. 3 günə işğal etməyə hazırlaşdırqları Ukraynadan belə bir cavab gözlənilən deyildi, amma...
Amma müharibə dediyimiz odur ki, onu başladınsa və ya sənə qarşı başlatdılarsa hər şeyə hazır olmalısan. Hətta Moskvanın batmasına da. Bu dəfə gəmini nəzərdə tutmuram. Ədalət naminə demək lazımdır ki, ukraynalıların davranışı da heç yerinə düşmür.
O boyda imperiyanın da o boyda gəmisini batırarlar heç?! İndi böyük qardaş da üzünə "yağış yağdırılmış" kimi qalıb pərt vəziyyətdə ki, nə desin: gah deyir gəmi yanıb, gah deyir batmayıb, kah da deyir ki, kimsə siqaret çəkib yandırıb gəmini.
Amma ən acınacaqlı vəziyyət "ekspert" və "jurnalist" adlandırılanlar arasındadır. O yaramazlar ki, illər idi rusların beynini yuyub ölkəni Ukraynaya qarşı müharibəyə hazırlayırdılar. Burda xəstəlik artıq müalicəsi mümkün olmayan mərhələyə keçib.
Təsəvvür edin, Uriset patriotu Solovyovun məclisinin baş qəhrəmanlarından olan politoloq (?) Sergey Mixeyev deyir ki, Ukraynadakılar şeytana ibadət edirlər və ardınca da ciddi-ciddi bunun konspirologiya olmadığını iddia edir...
Başqa bir rus patriotu və millətçisi Marqo Simonyan isə Rusiyanın əsas probleminin ifadə azadlığı olduğunu bildirir. Sitat: "tarixdə iki dəfə ifadə azadlığı verilib - 1905-ci ildə və 1980-lərin sonunda - Qorbaçov yenidənqurması zamanı. Nəticə məlumdur", - deyir Margo.
Maraqlıdır, deyilmi? Politoloq siyasətdə şeytan axtarır, jurnalist isə ifadə azadlığının dövlətə vurduğu ziyanı. Kadırov Peskovu hədələtdirir, qondarma LNR və DNR yaradıcılarından olan Strelkov-Girkin isə öz "Telegram" kanalında sensasion məlumat yayır.
Peşəkar terrorçu bildirir ki, döyüşə yollanan Rusiya ordusunda bölük komandiri vəzifəsinə bəzən sıravi əsgərlər də təyin olunur. Babalı FSB-QRU təxribatçısının boynuna. Növbəti dəfə onluğa düşən bu dəfə də ölkənin xarici kəşfiyyatının şefi Sergey Narışkin olub.
Baş casus deyib ki, ölkədə vətənpərvərliyə qarşı çıxıb sülhə çağırış edənləri az qala məhv etmək lazımdır. Vəziyyətə görə isə hünahkar yenə də ukraynalılardır və onlar templəri bir qədər azaltmasalar bu gedişlə ortada "Rusiya" adlı nəhəng ruhi xəstəxana qalacaq.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri