Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşad Süleymanovun xatirəsinə həsr olunan tədbir keçirilib-FOTOLAR

Rəşad Süleymanovun xatirəsinə həsr olunan tədbir keçirilib-FOTOLAR


Aprelin 15-də Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində hərbi jurnalist, “Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun (1982-2020) anadan olmasının 40-cı ildönümü münasibətilə açıq havada tədbir keçirilib.

“Poliqon” xəbər verir ki, Dövlət Himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və “Poliqon” jurnalının dəstəyi ilə keçirilən tədbir çərçivəsində Rəşad Süleymanovun xatirəsinə ithaf olunan fotosərgi təqdim olunub.

Sərgidə 702 saylı briqadanın veteranı, hərbi fotoqraf Nurəhməd Vəliyevin Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonunda gedən döyüşləri əks etdirən fotoları nümayiş etdirilib.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, jurnalistlər, veteranlar, dövlət və qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçılarının çıxışları, məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri dinlənilib.

Tədbirdə çıxış edən Rəşad Süleymanovun 1-ci sinif müəlliməsi Həqiqət Rzayeva mərhum şagirdinin bilik və bacarığından söz açıb, onu məktəblilərə ən baris nümunə kimi göstərib. Həqiqət müəllimənin çıxışının sonunda Rəşad Süleymanovun ona illər öncə yazdığı məktubu oxunub.

Xocavənd rayon prokuroru Kamran Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Rəşad Süleymanov hərbi jurnalist kimi Azərbaycanı xarici ölkələrdə keçirilən müdafiə sənayesi sərgilərində layiqincə təmsil edib: “Rəşad dövləti, bayrağı və xalqı üçün yaşadı”.

Hərbi fotoqraf Nurəhməd Vəliyev bildirib ki, Azərbaycan ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Rəşad Süleymanovun informasiya cəbhəsində müstəsna xidmətləri olub.

Rəşad Süleymanovun hərbi jurnalist fəaliyyətindən söz açan Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri Faiq Xudanlı mərhumun ekspert kimi hərbi təhlillərini yüksək qiymətləndirib: “Rəşad kimi yaşamaq, onun kimi jurnalist olmaq çox çətin olduğu kimi, Rəşad kimi yaşamaq və onun kimi jurnalist olmaq da çox şərəflidir”.

Tədbirdə iştirak edən qazilər Rəşad Süleymanovun vətənpərvərliyindən danışıblar. Onun fəaliyyətinin Azərbaycanın müdafiə sənayesi üçün yüksək tövhə olduğunu bildiriblər.

Füzuli Rayon Ağsaqqallar Şurasının sədri həkim Zülfüqar Əliyev Şura adından mərhumun yaxınlarına başsağlığı verib və qeyd edib ki, Rəşad Süleymanovu qısa zamanda hərbi jurnalist kimi dünya tanıdı, qısa ömrü ilə bütövlükdə Azərbaycanın övladı oldu.

Tədbir çərçivəsində Rəşad Süleymanovun adına sinif otağının açılışı olub. Rəşad Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən “Rəşad Xatirələrdə” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra “Poliqon” jurnalının hazırkı baş redaktoru Zaur Babaşov həmkarı Rəşad Süleymanov ilə keçən tələbəlik illərindən, onun iş fəaliyyətindən, təsis etdiyi jurnalın necə ərsəyə gəlməsindən və müdafiə sənayesindəki rolundan söz açıb.

Tədbirin bədii hissəsi qiraət ustalarının çıxışları ilə davam edib.

Sonda qonaqlarla birgə Rəşad Süleymanovun qəbri ziyarət olunub, məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Xatırladaq ki, tanınmış hərbi jurnalist Rəşad Süleymanov 2020-ci il dekabr ayının 15-də 38 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. Müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışan “Poliqon” (“Azeri Defence”) jurnalının mərhum baş redaktoru Rəşad Süleymanov vəfatından sonra Ali Media Mükafatı ilə təltif olunub.

Ailəli idi, üç övladı yadigar qalıb.
Xəbəri paylaş