"Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişini bağlamağa məcbur olduqlarını və “status”un arxa plana keçdiyini açıqlaması, artıq Azərbaycanın yaratdığı reallıqları qəbul etmələrinin aşkar şəkildə ifadəsi idi. Lakin Paşinyanın açıqlaması erməni cəmiyyətində birmənalı qarşılanmadı. Onun acıqlamasından dərhal sonra İrəvana etiraz etmək məqsədilə Xankəndidəki separatçı-terrorçu rejim təcili toplantı keçirdi və İrəvandan imtina, Moskvaya sığınma “yolunu” tutmaq kimi absurd fikirlər səsləndirdilər. Separatçı-terrorçu rejimin nümayəndələri “Müstəqillik”, “Rusiya ilə birbaşa formatda münasibətlər qurmaq və ya birləşmək” kimi cəfəng fikirlərin reallaşmasının qeyri-mümkün olduğunu yaxşı başa düşürlər. Çünki bilirlər ki, Azərbaycan və Rusiya müttəfiqdirlər və bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Prezident İlham Əliyevin 22 fevral tarixində Moskvaya səfər etməsi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması bunun əyani təzahürüdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, bu günlərdə isə bir neçə erməni parlamentarisinin ölkələrinin maraqlarına zidd olaraq, Azərbaycan ərazisinə qeyri-qanuni səfər etməyə cəhd etməsi də erməni cəmiyyətində olan boşluğun göstəricisidir. Onların Ermənistanı böhrana sürükləmək istəmələri öz dövlətlərinə qarşı düşmənçilikdən xəbər verir:
"Yaxşı ki, bu separatçıları dəstəkləyən erməni parlamentarilərin sayı azdır. Rusiya sülhməramlıları onları Azərbaycan ərazisinə buraxmamaqla çox doğru addım atdılar. Sülhməramlıların ölkəmizlə koordinasiyalı şəkildə fəaliyyət göstərərək bu cür qanunsuz cəhdlərin qarşısını alması təqdirəlayiqdir. Çünki bu səfərin baş tutması qanunsuz olmaqla yanaşı, münasibətlərin gərginləşməsinə səbəb olardı. Təbii ki, həmin qanunsuz səfərə cəhd edənlər də məhz bu məqsədi güdürdülər. Bəzi erməni parlamentarilərin atdıqları addımlar məhz münasibətlərin pisləşməsinə hesablanmışdır. Çünki bu cəhdlərin arxasında Ermənistanda revanşist qüvvələrin əsas siması hesab edilən, “Hayastan” blokunun rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan dayanır. Onun əvvəlcə Azərbaycan ərazilərinə səfər edəcəkləri barədə məlumat verməsi, parlamentin iclasında isə qondarma “artsax bayrağı”nı yerləşdirməyə cəhd etməsi məkrli niyyətlərdən xəbər verir. Çünki onun əsas hədəfi Ermənistan hakimiyyətidir".
Jalə Əhmədova hesab edir ki, Ohanyan qarışıqlıq yaratmağa cəhd etməklə, Ermənistanın mövcud sülh danışıqlarından imtina etməsinə çalışır. Lakin onun bu hərəkətləri fiaskoya uğradı və qanunsuz cəhdlərinin qarşısı alındı:
"Çünki artıq Ermənistan hakimiyyətində təmsil olunan bir çox şəxslər yaxşı başa düşürlər ki, ohanyanlar, sarkisyanlar, koçaryanlar, separatçı-terrorçu rejim onlara bədbəxtlikdən və səfalətdən başqa heç nə gətirmədi. Ohanyan və onun qatil yoldaşları isə yaxşı bilirlər ki, iki ölkə arasında münasibətlər normallaşandan sonra onların törətdikləri cinayətlərə görə cavab verəcəkləri gün uzaqda deyil".
Ruhiyyə