Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin-Paşinyan görüşü heç də Brüssel görüşünün pozulması yönündə deyil

Putin-Paşinyan görüşü heç də Brüssel görüşünün pozulması yönündə deyil


Sabah – aprelin 19-da Ermənistan baş naziri Paşinyan Moskvada Rusiya prezidenti Putinlə növbəti dəfə görüşəcək.

Bu, Paşinyan üçün 2020-ci ilin 10 noyabrından üzübəri keçirdiyi görüşlər içərisində, bəlkə də, ən gərgini və həlledicisi olacaq. Çünki Rusiya tərəfindən Qarabağ probleminin həlli məqsədiylə ona verilmiş vaxt limiti artıq bitib və son 17 ay ərzində ictimai rəyi sülhə hazırlamaq bəhanəsiylə prosesi süni şəkildə uzatmağa və Qərbi sülh danışıqlarına cəlb etməyə çalışan Paşinyan, Putinin zəmanəti ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmalıdır.

Əks halda, bu, təkcə onun hakimiyyətdən devrilməsi yox, həm də öldürülməsiylə nəticələnə bilər və belə bir aqibətdən Paşinyanın Qərbdəki himayəçiləri, o cümlədən ABŞ və Avropa İttifaqı da ciddi şəkildə narahatdırlar. Onlara Paşinyanın, hətta Rusiyaya daha ciddi güzəştlər hesabına olsa belə, hakimiyyətdə qorunub saxlanması son dərəcədə vacibdir.

Hazırda bütün dünyanın hədəfində olan Putinsə yaxşı başa düşür ki, Paşinyanı üzərinə götürdüyü öhdəlikləri tezliklə yerinə yetirməyə vadar etməzsə, bu, xüsusən də 44 günlük Qarabağ savaşından sonra regionda qazandığı yeni dostlarının – Azərbaycan-Türkiyə ittifaqının ciddi etirazları ilə nəticələnə və bölgədə hərbi-siyasi gərginliyi yenidən artıra bilər.

Putin Rusiyasına isə indi onu Qərbə satmış Paşinyan Ermənistanıyla yox, Azərbaycan-Türkiyə ittifaqıyla münasibətlərini qoruyub saxlamaq daha önəmlidir və bu münasibətlərin rəvan inkişafı Ermənistanı da öz orbitində saxlamağa kifayət edəcək.

Bu baxımdan, gözlənilir ki, Putin-Paşinyan görüşü heç də bəzilərinin iddia etdiyi kimi, Brüssel görüşünün pozulması yönündə deyil, daha çox Azərbaycan və Ermənistan rəhbərləri arasında 10 noyabr 2020, 11 yanvar 2021, 26 noyabr 2021 və 6 aprel 2022-ci il tarixli razılaşmaların yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addım olacaq.

Xüsusən də nəqliyyat-kommunikasiya xətlərinin tezliklə açılması üçün Putinin bu görüşdə Paşinyana təzyiqlərini artırcağını gözləyə bilərik. Çünki bu xətlərin işə düşməsi indi Ukraynaya hücumuna görə Qərbin sərt sanksiyalarına, blokadasına məruz qalan və yeni nəfəsliklər arayan Rusiyanın özü üçün hamıdan daha çox gərəklidir.

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş