Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Ukraynaya lazımi dəstəyi verir, amma...

Qərb Ukraynaya lazımi dəstəyi verir, amma...


Rusiya ilə Ukrayna arasında ay yarımdır davam edən müharibə fonunda Qərb dövlətləri, həmçinin Avropa İttifaqının müxtəlif rəsmiləri Kiyevə dəstək ifadə edirlər. Onların məlumatlarına görə Ukraynaya silah göndərilir, maddi vəsait ayrılır, Rusiyaya isə ard- arda sanksiyalar tətbiq olunur. Lakin Ukrayna Prezidenti Vladimir Zelenski və digər bəzi rəsmilər göndərilən yardımın kifayət qədər olmadığını deyirlər. Sonuncu belə açıqlamalardan birini Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak vermişdi. O, tviter səhifəsində yazmışdı ki, Rusiyanı məğlub etmək üçün Ukraynaya ən qısa vaxtda ağır silahlar göndərilməlidir.

Maraqlıdır, doğrudanmı, Qərbin Ukraynaya dəstəyi lazımi qədər deyil və bu, sadəcə görüntü yaratmaq üçündür? Yəqin ki, yox. Birincisi ona görə ki, Qərb Ukraynaya dəstək verməsə idi, Kiyev bu qədər müddət ərzində uğurlu mübarizə apara bilməzdi. İkincisi, Ukrayna "bataqlığının" Qərbin yaratdığını nəzərə alsaq, məqsəd aydındır: Rusiyanı zəiflətmək. Belə olan halda isə Qərbin Ukraynanı dəstəkləməsi yox, dəstəkləməməsi təəccüblü olar. Üçüncüsü, Kiyev Qərbin dəstəyinə, yəqin ki, xeyli inanır. Təsadüfi deyil ki, Zelenskinin müharibənin ilk günlərində və indi səsləndirdiyi bəyanatlar arasında fərq aydın hiss olunur. Ukrayna lideri indi daha inamlıdır.

Elə isə ukraynalı rəsmilər niyə belə açıqlamalar verirlər? Çox güman ki, belə bəyanatların ünvanı ilk növbədə Kremldir. Kiyev Qərbin onları lazımi qədər dəstəkləmədiyi barədə rəy yaratmaq istəyir. Bu, Qərbin özünə də sərf edir.

Düşünmək olar ki, Avropa ölkələrinin Ukraynaya dəstəyi davam edəcək. Bu isə o deməkdir ki, savaş hələ uzun müddət çəkəcək və yaxın vaxtlarda atəşkəs olmayacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş