Dünyaya tolerantlıq, demokratiya dərsi keçməyə cəhd edən Avropa Quranın yandırılmasına rəvac verməklə əksinə radikalizmə, düşmənçiliyə, xaç yürüşünə niyyətlənir. Belə ki, Danimarkalı siyasətçi və hüquqşünas, ifrat sağçı “Sərt kurs” (Stram Kurs) partiyasının rəhbəri Rasmus Paludan İsveçdə təşkil etdiyi aksiyada Quranı yandırandan sonra haqlı olaraq bütün Avropanı müsəlmanların etirazları bürüyüb. Yüzlərlə müsəlman İsveçin Stokholm, Linçepinq, Landskrun, Malmö kimi şəhərlərində etirazlara çıxır, polislə toqquşmalar baş verir.
Ramazan ayında, müsəlmanların daha çox həssas olduğu bir ərəfədə təxribat məqsədi ilə Quranın yandırılmasını qətiyyətlə pisləyirik.
İslam ölkələrində xristianlığın bütün atributlarına böyük ehtiram göstərildiyi halda, Həzrət İsa Məsihin də adının çəkildiyi, haqqında peyğəmbər kimi ayələr mövcud olduğu halda bu kitabı yandırmaq əslində İncili yandırmağa bərabərdir. Çünki Quranda xristianların müqəddəs saydığı, İslam dininin də dörd cənnət xanımlarının sərvərlərindən biri olaraq qəbul etdiyi Həzrət Məryəmin adına surə var.
Həmçinin Quran özündən əvvəlki ilahi kitabları, Tövratı, Zəburu, eyni zamanda İncili də təsdiq edir. Bu kitablar haqqında müsbət fikirlər buyurur.
Bu qeyd edilənləri nəzər alsaq demək olar ki, Qurana qarşı istənilən təhqiramiz hərəkət bütün səmavi kitablara, habelə İncilə, Həzrət İsaya, Həzrət Məryəmə edilən hörmətsizlikdir və şeytan əməlidir.
Şeytanlar və şeytana qul olanlar isə lənətə və nifrətə layiqdirlər.
Tural İrfan İlahiyyatçı