Salyan şəhərində Vəkillər Kollegiyasının dəstəyi ilə Salyan rayon və Şirvan Regional Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Jalə Əhmədova özünün facebook sosial şəbəkə hesabında paylaşıb. Millət vəkili qeyd edib ki, Salyan rayon Mərkəzi Kitabxanasında baş tutan aksiyada 80-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilməklə yanaşı, onların problemləri dinlənildi və məsləhətlər verilib. Vəkillər vətəndaşların müraciət etdikləri məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
"Aksiya zamanı müşahidə etdiyim bir məqamı da vurğulamaq istərdim. İstər mülki, istər iqtisadi, istərsə də cinayət işləri ilə bağlı müraciət edən hər bir seçiciyə müvafiq hüquqi yardım göstərən vəkillərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər ki, bu da rayon sakinlərinin razılığı ilə qarşılandı. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinin icrası ilə əlaqədar olaraq Vəkillər Kollegiyası tərəfindən hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi aksiyaları respublikanın bütün bölgələrini əhatə edib və uğurla davam etməkdədir".
Millət vəkili Salyan rayonunda həyata keçirilmiş pulsuz hüquqi yardım aksiyasına görə Vəkillər Kollegiyasına təşəkkürünü bildirib.
Ruhiyyə