Sosial mediada Azərbaycan və Türkiyəyə qarşı təxribatçı yazıları ilə tanınan amerikalı jurnalist Lindsi Snellin iki ölkənin vətəndaşlarından müxtəlif metodlarla məxfi məlumat toplamağa cəhd göstərdiyi məlum olub.
“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bildirilib ki, jurnalistin hədəf aldığı şəxslər arasında hərbçilər də var. Belə ki, onun sosial şəbəkə üzərindən hərbçilərə seksual xarakterli mesajlar göndərdiyi müəyyənləşib. Daha öncə Türkiyədə saxlanılaraq deportasiya edilən Lindsi Snell Türkiyənin hərbi əməliyyatlarına və müdafiə sənayesinə aid bilgi toplamağa çalışdığı ortaya çıxıb.
L.Snellin sosial şəbəkə hesabları vasitəsilə Azərbaycanın hərbi qulluqçularını, habelə Türkiyənin xaricdə fəaliyyət göstərən hərbçilərini hədəf aldığı, onların yardımı ilə Türkiyənin əməliyyatları və hərbi imkanları ilə bağlı ətraflı məlumat almağa çalışdığı aydın olub. L.Snellin İkinci Qarabağ müharibəsi zamanı da Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərdiyi, bu konteksdə müxtəlif addımlar atdığı, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə nəşrlər hazırladığı müəyyən edilib.
Qeyd olunub ki, L.Snell 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla girərkən tutulub. O, eyni ildə hərbi qadağan zonasını pozmaq və casusluq ittihamı ilə həbs olunub və bir müddət həbsxanada qaldıqdan sonra Türkiyədən deportasiya edilib. “G-87” məhdudiyyət kodu ilə Türkiyəyə girişi yasaqlanan ABŞ vətəndaşı L.Snell sosial şəbəkədə PKK/YPG və FETÖ ilə təmasda olmaqla yanaşı, eyni zamanda, FETÖ ilə əlaqəli “The Investigative Journal” nəşrinin müəlliflərindən biridir.