"Həm sahibkarların, həm də sakinlərin qaz təchizatı ilə bağlı problemlərini dinləmək üçün Birlik rəhbərliyinin göstərişi ilə sizinlə görüşə gəlmişik. Aksiyanın imkanlarından maksimum şəkildə istifadə edin ki, sizə köməklik edə bilək".
Newscenter.az xəbər verir ki, bu sözləri Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. Birliyin digər rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də görüşdə iştirak ediblər.
Sahibkar İbadət Nağıyev qaz təminatında heç bir problemin olmadığını, yalnız istehlak etdiyi təbii qazın həcminin böyük olduğundan mövcud sayğacın daha böyük həcmli sayğacla əvəz olunmasını xahiş edib. Çörək istehsalı ilə məşğul olan sahibkar Yusif Yusifli istehlak olunan aylıq sərfiyyatın ödənilməsi üçün müəyyən müddətdə möhlət verilməsini istəyib. Sakinlər yeni yaşayış massivlərində inşa olunan fərdi yaşayış evlərinin qazlaşdırılması, qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi, bundan əlavə istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsində çətinlik çəkdikləri üçün sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunmasını xahiş ediblər. Daxil olan müraciətlərlə bağlı izahatlar verilib.
Bildirilib ki, Beyləqan rayonunda qazlaşdırılma səviyyəsi yüz faiz təşkil edir. Fərdi qazlaşma, küçə qaz xəttinin çəkilməsi ilə bağlı daxil olan müraciətlər yeni yaşayış məntəqələri və massivləri ilə bağlıdır. Bundan əlavə, ünvanlanan bütün müraciətlər qeydiyyata alınaraq aidiyyatı üzrə yönləndirilib.
Sevinc