Ölkə rəhbərliyi tərəfindən yürüdülən xarici və daxili siyasət dövlətimizin möhkəmləndirilməsinə, beynəlxalq əlaqələrimizin inkişafına, xalqın sosial rifahının yüksəldilməsinə və cəmiyyətimizin davamlı inkişafına hesablanmış uğurlu siyasətdir. Ancaq təəssüf ki, bəzi qurumlar və təşkilatlar bu siyasətə hər hansısa yolla xələl gətirirlər. Belə qurumlardan biri də Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Bu qurumun fəaliyyəti bir çox vətəndaşların narazılığına səbəb olur.
Dəfələrlə şahidi olmuşam ki, rayonlara sərnişin daşıyan avtobus reyslərində xoşagəlməz hallar baş verir. Bu reyslərin müntəzəm fəaliyyəti təmin edilməməklə yanaşı əvvəlcədən bilet almış vətəndaşlar reysin vaxtı çatan zaman çıxılmaz vəziyyətə salınırlar. Bir gün, iki gün və yaxud bir neçə gün əvvəl bilet almış vətəndaşlar vaxtı çatdıqda avtovağzala gəlsələr də rayona və digər şəhərlərə gedə bilmirlər. Bəhanə kimi reysin olmadığı və yaxud ləğv edildiyi göstərilir. Sual olunur: Əgər sərnişinləri mənzil başına çatdıracaq avtobus, mikroavtobus və digər sərnişin daşıma üçün nəzərdə tutulmuş vasitələr yoxdursa, vətəndaşlara nəyə görə biletlər satılır?, Nəyə görə vətəndaşlar aldadılır?.
Bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində vəziyyət daha acınacaqlı olur. İnsanlar çox əziyyət çəkirlər, gedəcəkləri yerə gedə bilmirlər. İctimaiyyətə əlavə reyslərin dövriyyəyə buraxıldığı deyilsə də mövcud görüntü bunun əksi olduğunu göstərir. Ümidvaram ki, adıçəkilən qurumun rəhbərliyi yuxarıdakı sualları cavablandıracaq. Vətəndaşların rahatlığı və dövlət - vətəndaş münasibətilərinin yüksələn xəttlə inkişaf etməsi Azərbaycanın dövlət siyasətinin mühüm prioritet istiqamətidir. Bəzi qurumlar öz fəaliyyətlərində mövcud siyasətə uyğun hərəkət etməlidirlər. Əks halda həmin qurumlarda yenidənqurma və kadr islahatlarının aparılmasını vacib hesab edirəm!
Anar Salehoğlu