Azərbaycanla Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar olaraq bu ölkəyə səfər edən Azərbaycan parlament nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirib.
Newscenter.az-ın nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Jalə Əhmədovaya istinadən verdiyi xəbərə görə, səfər zamanı azərbaycanlı millət vəkillərinin növbəti görüşü Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupu ilə olub:
"İşçi qrupunun sədri Sven Sester, qrupun üzvləri Mihail Korb, İqor Kravçenko, Rayvo Tamm, Ayvar Syerd, Aadu Mustun iştirakı ilə keçirilən görüşdə, iki ölkə arasında siyasi-diplomatik münasibətlərin uğurla davam etdirilməsi və bu münasibətlərdə parlamentlərin müsbət rolu qeyd edildi. Eləcə də yüksək səviyyədə olan parlamentlərarası dostluq qruplarının gələcək planlarını müzakirə etdik".
Millət vəkili deyib ki, səmimi ab-havada keçən görüşdən sonra estoniyalı həmkarlarımız bizi Riigikogun iclas zalı ilə tanış ediblər:
"Habelə Estoniya tarixinin ayrılmaz hissəsi sayılan Toompea qalasının German qülləsinə qalxdıq. Onu da qeyd edim ki, Estoniyanın tarixində xüsusi əhəmiyyət daşıyan German qülləsinə qalxmaq üçün 225 pilləkən qət etməli olduq. German qülləsinin zirvəsində, dəniz səviyyəsindən 95 metr yüksəklikdə ölkənin müstəqilliyinin rəmzi olan Estoniya bayrağı dalğalanır.
Görüş zamanı, Sven Sesterin Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu adından bizə xatirə hədiyyəsi təqdim etməsini isə şəxsimizə göstərilmiş yüksək diqqət olaraq dəyərləndirir və eston dostlarımıza həm öz adımdan, həm də deputat həmkarım Azər Kərimlinin adından dərin təşəkkürlərimi bildirirəm".
Ruhiyyə