Şəmkirdə polislərə maneçilik törədən şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də saat 20 radələrində rayonun Seyfəli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hərəkət axınının əksinə sürüldüyü üçün saxlanılıb.
Sürücü, rayon sakini Orxan Məsimovun hərəkətləri şübhə doğurduğundan o, həkim müayinəsinə dəvət olunub. Avtomobili dayanacağa təmin etmək istəyərkən sərnişini, kənd sakini Namaz Namazlı polis əməkdaşlarına maneçilik törədib. Polis əməkdaşları onu dəfələrlə qanuni tələblərinə riayət etməyə və nizam-intizama dəvət etsələr də o, bu hərəkətlərini davam etdirib.
Onlar avtomobillə birgə Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriliblər.
N.Namazlı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib olunub. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Sürücü O.Məsimovun isə narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə təqdim olunub.