"Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı danışıqlar yekunlaşıb. Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib:
"Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirmək də qərara alınıb".
Mərkəz rəhbəri qeyd edib ki, Kremldən yayımlanan xəbər boş söz yığnağından ibarətdir:
"İl yarımdır Kreml eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiyalar xətlərin açılması istiqamətində irəliləyiş əldə ediblər. Nikol Paşinyanın və daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağrılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir. Brüssel Kremlin planlarından xəbərdardır və bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Təsadüfi deyil ki, Nikol Paşinyan Moskvaya yollanmadan əvvəl Avropa İttifaqının rəhbəri Şarl Mişel ona zəng edib və izah edib ki, Kremlin Brüsselin planlarını pozmağa imkan verməsin. Şarl Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərib. O bu gün prezident İlham Əliyevlə görüşüb. Rəsmi Bakı Brüsselin vasitəçiliyinə önəm verir. Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə ölkəsinin ağasından çəkinir".
Mehman