Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda daha bir küçənin əsaslı təmiri yekunlaşdırılıb

Paytaxtda daha bir küçənin əsaslı təmiri yekunlaşdırılıb


Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı təmirini yekunlaşdırıb.

Newscenter.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.

Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonununda Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.

Agentlik ötən il rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edib.

Sevinc
Xəbəri paylaş