"Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir".
Newscenter.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir.
Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik", - Prezident vurğulayıb.