“Gələcəyə bizimlə addımla” layihəsi çərçivəsində metropolitenin müxtəlif təhsil ocaqlarında müəllim-tələbə heyəti ilə görüşləri davam edir.
Newscenter.az xəbər verir ki, nNövbəti belə səmimi ovqatda keçən tədbir Azərbaycan Dövlət Neft və Sənaye universitetinin akt zalında baş tutub. Maraqlı fikir mübadiləsi şəraitində keçən görüşdə məqsəd gəncləri metropolitenin əsas xüsusiyyətləri, son illərdə həyata keçirilən yeniliklər, tətbiq edilən texnologiyalar və insan resurslarından istifadə olunması ilə yaxından tanış etməkdir. Eyni zamanda, yeni həyata qədəm qoyan tələbələrə metrodakı peşələr barədə ətraflı məlumat verilərək, onların gələcəkdə bu sahəyə marağını artırmaq və iş perspektivləri müzakirə edilib.
Universitetin prorektoru Ata Babayev səmimi əməkdaşlığın gələcəkdə də davamlı olması və inkişaf etdirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Metropolitenin Təlim tədris mərkəzinin rəisi Rüfət Qədəşov və rəis müavini Rizvan Bayramov geniş foto-video slayd təqdimatı ilə ətraflı çıxış ediblər.
Təqdimatda metropolitenin tarixi haqqında qısa məlumat verilərək əsas diqqət son illərdə həyata keçirilən yeniliklərə, texnoloji innovasiyalara, təhlükəsizlik və istifadə qaydalarına yönəldilib. Bu xüsusda son dövrlərdə tətbiq edilən müasir texnologiyalarla əlaqədar kadr seçimindəki yeniliklərə geniş yer ayrılıb.
Görüşlər növbəti həftə davam etdiriləcək. Aprelin 26-da Texniki Universitetdə, 28-də isə Memarlıq və İnşaat Universitetində belə geniş formatda tədbir planlaşdırılır.
Mehman