Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial (toxum) kreobankı yaradılır. Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ Atçılıq Kompleksindən gətirilmiş cins atlardan süni vagina vasitəsilə toxum alınıb.
Newscenter.az KTN-ə istinadən xəbər verir ki, alınmış toxum nümunələri Mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq. Eyni zamanda Qarabağ atlarının kreobankının yaradılması bu cinsin qorunub saxlanmasına, biomaterialın itməməsinə köməklik göstərəcək.
Atların süni mayalandırılması məqsədilə Mərkəzdə respublikanın müxtəlif rayonlarından gəlmiş baytarlara və süni mayalanma texniklərinə təlim keçirilib. Rusiyadan dəvət olunmuş xarici mütəxəssis tərəfindən keçirilən təlimlər 5 gün davam edib. Təlimlərdə yerli mütəxəssislərə cins atların damazlıq tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma üsullarından istifadə qaydaları öyrədilib. Qeyd edək ki, buna qədər Azərbaycanda yalnız iribuynuzlu mal-qaranın süni mayalanma yolu ilə artırlması praktikasından istifadə olunub.
Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial kreobankının yaradılmasına həsr olunmuş tədbirdə çıxış edən Mərkəzin direktoru Elton Əbdurəhmanov bildirib ki, son illər ölkədə atçılığın inkişafı üçün məqsədyönlü tədbirlər görülür. Azərbaycanda xüsusilə yerli cinslərdən olan Qarabağ atlarına maraq kifayət qədər böyükdür. Cins atlardan süni yolla biomaterial nümunələrinin alınması və toxum bankının yaradılması yaxın gələcəkdə Qarabağ atlarının baş sayının çoxalmasına ciddi təsir göstərəcək.
Tədbirdə Göygöl rayonu icra hakimiyyəti başçısının müavini Turani Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, Qarabağ Atçılıq Kompleksinin direktoru Elman Qədirov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Qarabağ atları üzrə tanınmış mütəxəssis Yaşar Quluzadə çıxış edərək Qarabağ atlarının kreobankının yaradılmasının yüksək qiymətləndirib, bu addımın yerli atların cins damazlıq tərkibinin qorunub saxlanmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.
Daha sonra tədbir iştirakçıları Respublika Süni Mayalanma Mərkəzində saxlanan Qarabağ atlarına baxış keçirib, Mərkəzin müasir laboratoriyaları ilə tanış olublar.
Sevinc