Bu gün Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Bu münasibətlə Azərbaycan və Estoniya xalqlarını təbrik edir, sülh, əmin-amanlıq və rifah arzulayıram.
Qeyd edim ki, hər iki ölkə müstəqillik qazandıqdan sonra, 1992-ci il aprelin 20-də qurulan diplomatik əlaqələr Azərbaycan və Estoniya arasında siyasi, iqtisadi, ticari, texnoloji və təhsil sahəsində uzunmüddətli əməkdaşlıq ənənələrinə söykənir və bu əlaqələr getdikcə daha da genişlənməkdədir.
Azərbaycan və Estoniya arasında yüksək səviyyəli dostluq münasibətləri, bu gün parlamentlərarası əlaqələrdə özünü daha qabarıq göstərir.
Milli Məclis və Estoniya Riigikogu (parlament) üzvlərinin qarşılıqlı səfərləri və keçirilən görüşlər ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin, parlamentlərarası dostluq qrupları arasında, habelə iqtisadi və siyasi sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə müsbət təsir göstərir.
Milli-mənəvi dəyərlərimizə, ölkəmiz üçün əlamətdar olan tarixi hadisələrə hörmət və ehtiramla yanaşan estoniyalı parlamentarilərin Estoniya Riigikogunun rəsmi səhifəsində Azərbaycanın Zəfər Günü, Xocalı Soyqırımı ilə bağlı bəyanatlar paylaşması, Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Sven Sester və qrupun üzvlərinin “Dubay Expo” sərgisində Azərbaycan pavilyonunu ziyarət edərkən video-bağlantı vasitəsi ilə əlaqə saxlayaraq Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etməsi Estoniya və Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında yaranmış səmimi dostluq münasibətlərindən xəbər verir. Qürurvericidir ki, mükəmməl dostluq əlaqələri üzərində qurulmuş bu münasibətlərdə mənim də töhfəm var.
Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə hər iki ölkə parlamentarilərini təbrik edir, xalqlarımıza sabitlik və xoş günlər arzu edirəm.
P.S. Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyinin təşəbbüsü ilə Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən poçt markaları çap edilib ki, üzərində “30 aastat Diplomaatiliste suhete sõlmimisest” yazısı əks olunan poçt markaları artıq Estoniyada rəsmi dövriyyəyə buraxılıb. Bu təqdirəlayiq addıma görə səfirimiz Anar Məhərrəmova öz minnətdarlığımı bildirirəm.
Jalə Əhmədova
Milli Məclisin deputatı
Azərbaycan-Estoniya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri