Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi


Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin, Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz.

Sovet imperiyasının tərkibində olan müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi.

1977-ci ilin dekabrında SSRİ Konstitusiyasının qəbulundan sonra müttəfiq respublikaların Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Digər müttəfıq respublikalarda olduğu kimi, Azərbaycan SSR-in Konstitusiya layihəsində də dövlət dili ədalətli əksini tapmamışdı, yəni Azərbaycan dilinin hansı status daşıması ilə bağlı məsələ açıq qalırdı. 1978-ci ilin yazında respublikada layihənin ümumxalq müzakirəsi keçirilsə də, kommunist ideologiyasının hakim olduğu bir vaxtda bu müzakirələr, əsasən, formal xarakter daşıyırdı. Xalqımız üçün taleyüklü bu məsələnin həllində də Heydər Əliyev cəsarəti, Heydər Əliyev qətiyyəti öz sözünü dedi – Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət statusu aldı.

1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev əvvəllər olduğu kimi, Azərbaycan dilinin dövlət səviyyəsində geniş tətbiqi və inkişaf etdirilməsi məsələsınə xüsusı önəm verərək bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olsa da, müzakirələrin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.

Ana dilinin inkişafina xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını da nəzərdə tutan bu fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı. Ümummilli liderimiz 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına uyğun hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici yer tuturdu. Ümummilli liderimiz böyük qürur hissi ilə deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Aysel Mənsimova - politoloq
Xəbəri paylaş