Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 20 apreldə Almatıda start götürən Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” - “KİTF 2022” sərgisində təmsil olunur.
Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, 22 aprelədək davam edəcək sərgidə milli stendimizdə 5 yerli turizm şirkəti, 2 mehmanxana qrupu, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti və “Duzdağ Hotel” iştirak edir.
Azərbaycan stendində ölkəmizin, o cümlədən işğaldan azad olunan ərazilərin turizm potensialı, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.
Milli stendlə yanaşı ölkəmizin sağlamlıq turizminə həsr olunmuş xüsusi pavilyonda Azərbaycanın bu istiqamətdə potensialı və mövcud imkanları ziyarətçilərə təqdim olunur.
Sərgi çərçivəsində Qazaxıstan turizm şirkətləri, eləcə də digər Mərkəzi Asiya ölkələrindən olan şirkətlərin və turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə görüşlər keçirilir.
Sərgi çərçivəsində təşkil olunan “Yeni trendlər: inkişaf məqamları və sistemlər” adlı panel sessiyada Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “Kazakh Tourism” təşkilatı, eləcə də AZAL və “Aİr Astana” şirkətlərinin nümayəndələri çıxış ediblər.
Eləcə də sərgidə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bağlı xüsusi təqdimat keçirilib.
2001-ci ildən etibarən hər il təşkil olunan “KİTF” sərgisi Mərkəzi Asiya üzrə ən böyük peşəkar turizm platforması hesab olunur. 15 ölkədən 250-ə yaxın turizm şirkəti və təşkilatının qatılacağı gözlənilən sərgidə ölkələrin turizm imkanları və turizm məhsulları tanıdılaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.
Sevinc