“Palmali Holding”in prezidenti, iş adamı, xeyriyyəçi Mübariz Mənsimov bu gün onun dəvəti ilə İstanbula gələn Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhram Məmmədzadələrin valideyinləri ilə görüşüb.
Newscenter.az “Palmali Holding”ə istinadən xəbər verir ki, şəhid atası Elman və şəhid anası Hicran Məmmədzadələri böyük hörmət və ehtiramla qarşılayan Mənsimov bildirib ki, İman və Bəhram qardaşlarının Qarabağımızı düşməndən azad etmək arzusu gerçəkləşdiyi kimi onların dənizləri və limanları fəth etmək niyyətləri də artıq reallıqdır.
Şəhid qardaşların anası Hicran Məmmədzadə isə deyib ki, Bəhram və İmanın arzusu gəmi kapitanı olmaq idi və bu məqsədlə onlar Rusiyanın Həştərxan şəhərində “Gəmi kapitanı” kurslarına daxil olmuşdular. Onun sözlərinə görə, övladları şəhid olsa da, adlarının gəmiyə verilməsi İman və Bəhramın arzularının gerçəkləşdirilməsi deməkdir. “Bir şəhidin arzusunu yerinə yetirmək müqəddəs bir işdir” deyən Hicran Məmmədzadə vurğulayıb ki, belə bir möhtəşəm hadisənin olacağını ağıllarına gətirmirdilər. “Amma bunu biləndə biz qürurlandıq və duyğulandıq”, - deyə Hicran xanım bildirib.
Mübariz Mənsimov öz növbəsində deyib ki, “Palmali Holding” şirkəti bundan sonra da şəhidlərin adlarını yaşatmaq naminə belə addımlar atacaq. Bütün şəhid və qazilərimizin valideyinləri qarşısında fəxrlə baş əydiyini deyən iş adamı xüsusilə qeyd edib ki, belə övladlar böyütmək hər kəsə nəsib olmur.
Mehman