Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunan “Zəfər kuboku” təşkil edəcək.
Newscenter.az Federasiyaya istinadən xəbər verir ki, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda Yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Murov”, “Neftçi”, MOİK və “Sərhədçi” komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar 2 gün davam edəcək. Püşkə əsasən aprelin 22-də “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq yarışın ilk matçında “Neftçi” MOİK-lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.
Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənənlərin mükafatlandırma mərasimi keçiriləcək. Ardınca 2021/2022 mövsümün rəsmi bağlanışı olacaq.
Mehman