Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yevlax rayonunda Tanrıqulular kənd yolunun əsaslı təmiri işləri icra olunur.
Başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 6-cı km-dən götürən Tanrıqulular avtomobil yolunun uzunluğu 5.5 km-dir. Kənd yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Uzun illər təmir olunmadan istismar olunan olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Yenidənqurma işləri ilə sadalanan problemlər artıq geridə qalır.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün ümumilikdə 224 p/metr olmaqla, müxtəlif diametrlərdə suötürücü boruların tikintisi, həmçinin mövcud boruların bərpası işləri görülüb. Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən yol əsasının tikintisi işləri aparılıb.
Hazırda Tanrıqulular kənd yoluna yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin yaxın günlər ərazində yekunlaşdırılması planlaşdırılır.
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə, həmçinin dayanacaq quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Sözügedən yol kəndin girişini, sakinlərin ən çox istifadə etdiyi mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə etdiyi üçün yeni yol infrastrukturunun yaradılması 2800 nəfər əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.
Sevinc