Dövlət Gömrük Komitəsinin Akademiyasında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə görüş keçirilib. Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, millət vəkilləri Sadiq Qurbanov, Fazil Mustafa və Əliabbas Salahzadə, Zabrat qəsəbəsi Ağsaqqallar Şurasının sədri Səfixan Gəncəliyev, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq təhsilalanların dövlətə və dövlətçiliyə sadiq, vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində Akademiyada keçirilən silsilə tədbirlərdən söz açıb. Müqəddəs Ramazan ayına təsadüf edən tədbirin əhəmiyyətindən bəhs edən Akademiya rəisi, dəvəti qəbul edib gəldiklərinə görə qonaqlara və xüsusilə şəhid ailələrinə öz təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Qulu Novruzov həmin qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib. Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edən Akademiya rəisi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
Daha sonra çıxış edən millət vəkilləri Sadiq Qurbanov və Fazil Mustafa adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu bildiriblər. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayan millət vəkilləri belə vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıblar.
Tədbirdə çıxış edən Zabrat qəsəbəsi Ağsaqqallar Şurasının sədri, Respublika və Sabunçu rayon Ağsaqqallar Şurasının üzvü Səfixan Gəncəliyev də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın vüqarla dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Daha sonra tədbirdə şəhid valideynləri adından şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva və Vətən müharibəsi qəhrəmanı şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova çıxış edərək ölkə rəhbərliyi və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində təşkil edilən bu cür önəmli tədbirə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.
Daha sonra tədbir tələbələrin təqdim etdikləri vətənpərvərlik ruhunda şeirlər, musiqi nömrələri və kompozisiyalar ilə davam edib.
Tədbirin rəsmi hissəsindən sonra vətənin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri üçün iftar süfrəsi açılıb. Mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.
Sevinc