Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev Azərbaycan dilinin adını özümüzə qaytardı

Heydər Əliyev Azərbaycan dilinin adını özümüzə qaytardı


“Sirr deyil ki, dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən faktor da onun dilidir. Bu mənada, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Tariximiz sübut edir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmi dövlət dili kimi elan edilsə də, bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu olaraq uzun müddət mövcud ola bilməyib. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu və Ulu Öndər Heydər Əliyevin həmin dövrdə həyata keçirdiyi rasional dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 44 il öncə irəli sürdüyü təşəbbüsü ilə 1978-ci ilin aprel ayının 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin öz əksini tapması, bununla da Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və Ulu Öndər bu yolla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu:

“Heç şübhəsiz ki, həmin dövrdə keçmiş SSRİ respublikalarda milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Hətta, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, ümumilikdə xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Məhz, Ümummilli Liderin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi nəticəsində 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verildi”.

“Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin adını özümüzə qaytardı” – deyən Ramil Vəlibəyov əlavə edib ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili ilə bağlı konkret maddənin öz əksini tapması ana dilimizin inkişafı və qorunması işini daha da gücləndirdi:

“Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi üçün 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Eyni zamanda, Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun da qəbul edilmişdi. Ulu Öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də atdığı addımlar, verdiyi qərarlarla Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görməkdədir”.

Ruhiyyə
Xəbəri paylaş