Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk ruhunun qələbəsi -VAQIF ABDULLAYEV YAZIR

Türk ruhunun qələbəsi


Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. İki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır, onlar milli adət-ənənələrimizin, mədəni irsimizin zənginləşməsində sanballı töhfə vermişlər. Hər iki ölkə keçmiş ittifaq dövründə də bir-biri ilə mehriban əlaqələr qurmuş, iqtisadi və mədəni sahədə çox yaxın olmuşdur.

Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulsa da, yaxın təmaslar olmayıb. İkitərəfli münasibətlərin genişlənməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Onun iradəsi sayəsində ölkələrimiz arasında 25 il əvvəl Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün dərin təməl qoyub.

Ötən illərdə iki qardaş türk respublikası arasında münasibətlər qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində irəliləyib. Prezident İlham Əliyevin bu ölkəyə səfəri və eləcə də Qırğız Respublikasının dövlət və hökumət başçılarının Azərəbaycana qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə təkan verib.

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən rəsmi Bişkek həmişə ölkəmizin haqq səsinə səs verib. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan öz dəstəyini göstərib, həmçinin, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində çox yaxın əlaqələr mövcuddur. Qırğızıstan türk dövlətləri ilə birgə əməkdaşlıq formatında da fəal rol oynayır. Türkdilli Dövlət Başçılarının Zirvə görüşlərində Türk Birliyinin möhkəmlənməsinə xidmət edən səmərəli təşəbbüslər irəli sürüb.

Bu gün dünyada baş verən dəyişikliklər iki ölkəyə də yeni reallıqlar fonunda münasibətləri daha da irəlilətmək, daha humanizm prinsipləri tətbiq etmək, əzəli türk dəyərlərini əsas götürərək əsil sarsılmaz qardaşlıq ruhunda bir-birini sıx dəstəkləmək mühüm çağırışlardan biridir. Bu baxımdan aprelin 20-də Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevlə səmimi və faydalı siyasi dialoq mühitində keçən görüşü, ölkələr arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanması yeni siyasi reallıqlar şəriatində iki türk dövlətinin dərin və strateji münasibətlərini möhkəmləndirəcəkdir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim aramızda əsil qardaşlıq var, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar quracağıq.

Əlbəttə, iki ölkə arasında mədəniyyət, humanitar əməkdaşlıq gündəlikdə duran əsas məsələlərdəndir və bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri mühüm yer tutur. Mehriban Əliyevanın Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova ilə görüşü də məhz iki ölkə arasında ictimai-humanitar, mədəni intibahda yeni yol açmaqla Onun müəllifi olduğu humanizm diplomatiyasının Türk regionunda daha da inkişafına səbəb olacaqdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş