Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Erməni cinayətləri” kitabının təqdimatı keçirilib

“Erməni cinayətləri” kitabının təqdimatı keçirilib


QAT-ın mərkəzi ofisində “Müharibədən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərəri əks etdirən materialların hazırlanması və təbliği” layihəsinin yekunları və “Erməni cinayətləri (Raket zərbələri, dağıntılar, insan faciələri...” kitabının təqdimatı ilə əlaqədar tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, təşkilatın ənənəsinə uyğun olaraq mərasim dövlət himninin oxunması və Şəhidlərimizin yad edilməsi ilə başlayıb.

QAT sədri Akif Nağı tədbiri açaraq layihənin məqsədi və nəticələri barədə məlumat verib. Mövzunun aktuallığı, müasir mənəvi-siyasi əhəmiyyəti əhatə olunan bölgələrdə həm müharibə veteranları, yerli hakimiyyət orqanları, ictimai təşkilatlar, həm də əhali tərəfindən yüksək qiymətləndirilib. Ağdam, Tərtər, Bərdə rayonlarında və Gəncə şəhərində müharibə vaxtı ermənilərin vurduqları raket zərbələri çoxlu sayda insanın həyatını itirməsinə, bütöv məhəllələrin, sosial və mülki obyektlərin, ictimai binaların, fərdi evlərin dağılmasına səbəb olub.
Akif Nağı layihəni həyata keçirən işçi heyətin rəsmi məlumatlarla yanaşı hadisə yerində gördüklərini qələmə alıb sənədləşdirib, daha sonra kitab şəklində çap etdiklərini bildirib.

Təqdimatda iştirak edən ictimai və elm xadimlərindən tarix elmləri doktoru Qasım Hacıyev çıxış edərək deyib: “Qarabağ Azadlıq Təşkilatı, onun sədri Akif Nağı torpaqlarımızın işğaldan azad olunması uğrunda uzun illər təbliğat aparıblar. İndi xalqımızın işğalçılar üzərində Böyük Zəfərindən sonra da mübarizə davam edir. Bu dəfə artıq elmi-publisistik sənədlərlə əsrlər boyu ermənilərin bütün dünya kitabxanalarını doldurduqları saxta tarixə qarşı mübarizə aparmalıyıq. Bu kitabın ən böyük qiyməti odur ki, tarixi həqiqəti geniş ictimaiyyətin diqqətinə çatdırır”.

Qocaman hərəkatçı Cəfər Baxış ermənilərin xalqımıza qarşı daim soyqırımlar törətməsi, böhtan və şər atmasından bəhs edərək təqdim olunan kitabın bir mübarizə vasitəsi olduğunu dilə gətirdi. Bildirdi ki, kitabın ingilis və rus dillərinə tərcümə olunması da vacib məsələdir.
“20 Yanvar” cəmiyyəti sədrinin müavini Sahib Əlizadə öz çıxışında həyata keçirilmiş layihənin vacib bir məsələyə həsr olunduğunu, dərc edilmiş kitabda erməni vandallarının xalqımıza vurduqları ağır zərbələrin bir hissəsinin bütün ağrı-acıları ilə verildiyini və bu faktların gələcək nəslin milli-mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacağını deyib.

Qyazıçı-publisist Fəzli Qasımov bildirib ki, erməni saxtakarlar baş verənlərdən hələ də lazımı dərs almayıblar. Onlar xalqımıza, qazandığımız qələbələrə böhtan atmağa davam edir, faktları saxtalaşdıraraq dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Buna görə də bu cür kitabların mütəmadi dərc edilməsi və yayılması, xüsusilə də diaspor təşkilatlarına çatdırılması olduqca aktualdır. Maraqlıdır ki, kitabda təsvir olunan Tərtərdəki 5 saylı orta məktəbdə təhsil almış Vüsalə Quliyeva da təqdimatda iştirak edib və doğma məktəbin dağıdılmasını erməni vəhşiliyinin aşkar nümunəsi kimi qiymətləndirib.

“Qarabağ Əlillərinə Qayğı” cəmiyyətinin sədr müavini Yusif İsmayılov, işçi heyətinin üzvü, QAT Ali Məclisinin üzvü Şirzad Pirallahi, Qarabağ Qazisi Əkbər Rüstəmov, məktəbli Davud Quliyev, “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri Firuzə Əsədullayeva, yazıçı-publisist Svetlana Şamil, şairə Xatirə Əziz, Haşım İsgəndərli və başqaları kitabın əhəmiyyəti və dəyəri barədə öz fikirlərini bildiriblər.
Sonda kitabın nüsxələri tədbir iştirakçılarına paylanılıb.

Mehman
Xəbəri paylaş