Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 360 metr uzunluğa malik Mustafa bəy Topçubaşov küçəsi əsaslı şəkildə təmir olunub. Küçənin ortalama eni 7 metr təşkil edir.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan təmir işləri çərçivəsində küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub və abadlaşdırılıb, köhnə səki daşları 610 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq daha sonra küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ardınca isə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb. Yaxın günlərdə piyada zolaqlarının çəkili işləri icra olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsində olacaq.
Hazırda təmir işləri rayonun ümumi uzunluğu 2 km-ə yaxın olan Cəlil Məmmədquluzadə və İlqar İsmayılov küçələrində davam etdirilir. Təmir işlərinin bitməsi ardıcıllığına uyğun olaraq, Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1130 metr olan Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.
Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində artıq Mustafa bəy Topçubaşov küçəsindən əlavə Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1161 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m) və Ağadadaş Qurbanov (295 m) küçələrində də təmir işləri aparılıb.
2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.
Sevinc