Şuşa şəhəri XXI əsrdə qızıl dövrünü Prezident İlham Əliyevin rəhbərliyi ilə yaşayır. Tarixi xronologiya onu göstərir ki, Şuşa iqtisadi, siyasi mədəni əlaqələrin inkişafına mühüm töhfə verən şəhər olsa da düşmən təxribatı zamanı bu şəhərə ciddi ziyan dəyib. SSRİ rəhbərliyinin verdiyi birtərəfli qərarlar Şuşanı Qarabağın mərkəzi şəhəri olmaq statusundan məhrum etməsə də Şuşanın regional mərkəz kimi formalaşmasına müəyyən təsir göstərib. Ümummilli Liderin rəhbərliyi ilə Şuşanın statusu özünə qaytarılsa da 30 ildən artıq işğal altında olması və mədəni, tarixi abidələrin düşmən tərəfindən dağıdılması Şuşanın ruhuna vurulan ziyan idi. Artıq iki ilə yaxındır ki, Şuşa azaddır və bu müddətdə Şuşada bir sıra beynəlxalq tədbirlər keçirilib və bundan sonrakı illərdə Şuşa daha mötəbər tədbirlərə ev sahibliyi edəcək. Bütün bunlar isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində mümkün olub.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında toxunduğu aktual məsələlər hər bir vətəndaş qarşısında yeni öhdəliklər, yeni tapşırıqlar qoyur. Yeni strategiya, yeni reallıqlara toxunan dövlətimizin başçısı haqlı olaraq Azərbaycan xalqının heç zaman bu işğalla barışmadığını vurğulayıb. Vətən müharibəsi nəinki regionda, eyni zamanda, dünyada yeni reallıqların başlanğıc nöqtəsi oldu.
Dünyanın artıq erməni mifindən oyandığını diqqətə çatdıran deputat deyib: “Dünya dövlətləri ermənilərin uydurma məlumatlarına daha inanmır və onu da qəbul edir ki, regionun inkişafına ən böyük problemi elə Ermənistan özü yaradır. Aparıcı ölkələrinin rəhbərlərinin Prezident İlham Əliyevə göndərdikləri məktublarda bu məsələyə toxunulur. Onlar yeni geosiyasi reallığı qəbul etdiklərini bildirirlər. Bu geosiyasi reallığı isə Prezident İlham Əliyev yaradıb. İndiki mərhələdə düşmənin yalnız bir yolu var, ya bu reallıqla barışıb ayaq üstə qalmaq, ya da bir dəfəlik xəritədən silinmək, məhv olmaq. Ermənistanın baş naziri Paşinyanın son açıqlamaları da onu göstərir ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır olsa da hansısa qüvvə buna maneə törədir. Bu isə təbii ki, Ermənistanın havadarlarından qaynaqlanır. Azərbaycan Prezidenti də haqlı olaraq qeyd etdi ki, biz 44 günlük müharibədə təkcə Ermənistanla deyil, onların havadarları ilə mübarizə aparmışıq və qalib gəlmişik”.
İltizam Yusifov qeyd edib ki, postmüharibə dövründə Azərbaycanın qarşısında daha ciddi məsələlər var. Bir yandan işğaldan azad olunmuş torpaqlarda infrastrukturun yenidən qurulması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması, digər tərəfdən sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması. Azərbaycan bununla bağlı konkret təkliflərlə çıxış edib. İndi artıq söz qarşı tərəfdədir. Onlar bu təkliflərə müsbət yanaşmalı və prosesə qoşulmalıdırlar. Əks təqdirdə növbəti dəfə dəmir yumruq onlar üçün daha acı nəticələrə gətirib çıxaracaq.
“Şuşada keçirilən Zəfər Qurultayı, bu Qurultayda iştirak edən dünya azərbaycanlılarının sevinci sözün həqiqi mənasında ölçüyəgəlməzdir. Bizə bu sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Şuşada keçirilən Zəfər Qurultayı azərbaycançılıq ideologiyasının inkişafında yeni mərhələnin başlanğıcıdır. Lobbiçilik və ideoloji inkişaf ölkəmizin qüdrətinin daha da artmasına zəmin yaradacaq”, - deyə İltizam Yusifov sonda vurğulayıb.