Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-İNHA İDP çərçivəsində Rəhbər Komitənin iclası keçirilib

BMU-İNHA İDP çərçivəsində Rəhbər Komitənin iclası keçirilib


Bakı Mühəndislik Universitetində (BMU) BMU-İNHA ikili diplom proqramı çərçivəsində Rəhbər Komitənin iclası keçirilib. Bu məqsədlə Azərbaycana səfər edən İNHA Universitetinin nümayəndə heyəti BMU-da olublar.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov qonaqları universitetdə görməkdən məmnunluğunu bildirib. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan bəhs edən rektor artıq 2 ildir BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramı çərçivəsində İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığının həyata keçirildiyini vurğulayıb.

Proqramın dövlət tərəfindən maliyyələşdiyini söyləyən Havar Məmmədov Təhsil Nazirliyi tərəfindən bu proqramın icra olunmasına xüsusi diqqət göstərildiyini deyib. Rektor ikitərəfli müqaviləyə uyğun olaraq bütün məsələlərin operativ həllini tapdığını, təşkilati məsələlərin yüksək səviyyədə gerçəkləşdiyini diqqətə çatdırıb.

BMU-nun professor-müəllim heyəti üçün İNHA Universitetində bu ilin yay aylarında keçirilməsi planlaşdırılan təlimə toxunan ali təhsil müəssisəsinin rəhbəri Koreyanın iqtisadi cəhətdən inkişaf etdiyini, onun təhsil sisteminin müsbət tərəflərini təbliğ etməyin vacibliyini önə çəkib.

Çıxışının sonunda ikili diplom proqramının üstünlüklərindən danışan Havar Məmmədov görüşün faydalı olacağına əminliyini ifadə edib.
Sonra Təhsil nazirinin müşaviri Nicat Məmmədli ölkəmizdə hazırda icra olunan ikili diplom proqramlarının tətbiqinin universitetlərimizin ikitərəfli əlaqələrinin yaxşılaşdırılmasına, tədqiqat imkanlarının genişləndirilməsinə, onların dünya standartlarına uyğunlaşmasına, beynəlxalq reytinqlərdə daha yüksək yerlərə qalxmasına yaxşı imkan və şərait yaratdığını bildirib. BMU ilə İNHA Universitetinin ikitərəfli əməkdaşlığının çox uğurlu olduğunu vurğulayan nazirlik rəsmisi hər iki ali təhsil ocağının icra olunan ikili proqramdan müəyyən faydalar əldə edəcəyini dilə gətirib. Nicat Məmmədli bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu nəzərə çatdırıb.

İNHA Universitetinin Tədqiqat və xarici əlaqələr üzrə vitse-prezidenti Hye Wook Won təmsil etdiyi ali təhsil ocağının bu proqramda maraqlı olduğunu bildirib. İDP tələbələrinin İNHA Universitetində yay məktəbindən iştirakından söz açan Hye Wook Won koreyalı professorların da BMU-ya səfərindən danışıb. Rəhbər Komitənin iclasının hər semestr bir dəfə olmaqla ildə 2 dəfə keçirildiyini bildirən universitet təmsilçisi payız semestri üzrə iclasın Koreyada baş tutacağını söyləyib.

Daha sonra BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli geniş təqdimatla çıxış edib. Proqram direktorunun 2021-ci ilin maliyyə hesabatı və payız semestrinin tədris nəticələri bağlı məruzəsi dinlənilib. Bununla yanaşı, 2022-ci il qəbul imtahanı, planlaşdırılan fəaliyyətlər, eyni zamanda istisna tələbələrlə bağlı məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılıb və səs çoxluğu ilə təsdiq olunub.

Mehman
Xəbəri paylaş