Bizdə belə bir xasiyyət var ki, hətta ən yaxış hərəkətlərə belə nəsə qulp qoya bilirik. Bəzən isə cəmiyyət üçün zərərli olan şeyləri reklam edirik. Əgər bu gün korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilibsə, ictimai rəy bunu bəyənirsə, proses gedirsə, bədbinliyə qapılmağa əsas yoxdur. Bu proseslərin nə ilə nəticələnəcəyini hamımız görəcəyik. Kimsə proseslərin kampaniya xarakter daşıdığını o zaman deyə bilər ki, korrupsiyaya qarşı mübarizə tədbirləri dayandırılsın.
Amma hamımız şahidik ki, bu proses dayanmayıb, əksinə, günü-gündən güclənir. Buna görə də aparılan işlərin kampaniya xarakterli olduğunu iddia etmək insanları ruhdan salmağa xidmət edir. Mən deyərdim ki, bu, korrupsioner elementlərin özlərinin yaydıqları şayiələrdir və onların maraqlarına xidmət edir. Mən inanıram ki, korrupsiyaya qarşı mübarizə kampaniya deyil, dövlətimizin müəyyənləşdirdiyi strateji xətdir. Əsl həqiqət isə reallıqdadır. Reallıqda isə korrupsiyaya qarşı mübarizə tədbirləri davam edir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün prezident səviyyəsində tapşırıq verilib. Hər kəs öz işini bilir. Korrupsionerlər əməllərindən imtina etməli, mübarizə tədbirlərini həyata keçirməli olanlar isə işlərini daha ciddiyyətlə davam etdirməlidirlər.
Heç kimə sirr deyil ki, korrupsiyanın iki tərəfi var – rüşvəti verən və alan. Əgər alan rüşvəti almaqdan qorxursa, artıq rüşvət vermək istəyən bunu edə bilməyəcək. Yaxud da hər hansı bir işi həyata keçirmək istəyən şəxs bunu qanuni yollarla reallaşdıra biləcəksə, rüşvət verməyəcək. Amma bu bir faktdır ki, vətəndaşlarımızın əksəriyyəti işlərini daha rahat həll etmək üçün rüşvət verməkdə maraqlı olur. Əslində, biz rüşvətə qarşı mübarizəni bir əxlaq məsələsinə çevirməliyik. İnşallah, buna nail ola bilsək, korrupsiyaya qarşı mübarizə tədbirlərində böyük uğura imza atacağıq. Azərbaycan insanının ruhu təmizləndikdən sonra ölkəmiz dünyanın ən rahat məmləkətlərindən birinə çevriləcək.
Bəziləri inanmırlar ki, Azərbaycan vətəndaşları rüşvət vermək vərdişindən əl çəkə bilsinlər... Əslində müəyyən çirkinliklər dünyanın hər ölkəsində var. Əxlaqsız adamların əməlləri həmişə olacaq və buna qarşı həmişə mübarizə aparılmalıdır. Əsas problem odur ki, biz rüşvəti ümumi iş prinsipinə çevirməliyik. Bu bir faktdır ki, müəyyən mənəvi və psixoloji faktorların təsiri ilə korrupsiya prosesinə istəməyərək qoşulanlar var. Biz onları bu prosesdən çəkindirməliyik.
Əli İbrahimov-hüquqşünas