Boccia İdman Federasiyasının təşkilatçılığı ilə baş tutan "Motivasiya Həftəsi" çərçivəsində Milli Məclisin deputatı Könül Nurullayeva yığma komandamızın idmançı və rəhbər heyəti ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, idman sahəsindəki təcrübəni paralimpiyaçılarımızla bölüşən K.Nurullayeva, eyni zamanda Xorvatiyanın Zaqreb şəhərində keçirilən "Intercontinental Challenger” çempionatını medalla başa vurmuş idmançılarımız Sona Ağayeva, Bəhruz Mirzəyev və Orxan Kərimovu ürəkdən təbrik edib. “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya uğrunda ilk reytinq xallarını qazanan paralimpiyaçılarımıza bundan sonrakı yarışlarda bol-bol uğurlar arzulayıb.
K.Nurullayeva, həmçinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbəri Rəhilə Həsrətova ilə görüşərək qurumun fəaliyyəti ilə yaxından tanış olub, geniş fikir mübadiləsi aparıb. Qeyd edib ki, dövlətimizin idmana və fiziki məhdudiyyətli insanlara göstərdiyi qayğı və diqqət idmançılarımızın yüksək nəticələr əldə etməsinə və fiziki məhdudiyyətli insanların sosial statusunun möhkəmlənməsinə öz tövhəsini verir.
Millət vəkili görüşün sonunda isə Boccia İdman Federasiyasının Baş katibi və Baş məşqçisi İlham Məhərrəmova dəvətə görə öz dərin təşəkkürünü bildirib.
Ruhiyyə