Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibsiz küçə itləri real təhlükə yaradır

Sahibsiz küçə itləri real təhlükə yaradır


"Sahibsiz itlərin çoxalması Azərbaycanda da aktual olan sosial problemlərdəndir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimov deyib ki, sahibsiz küçə itləri sakinlərə real təhlükə yaradır:

"Statistikaya görə, 2018-ci ildə ölkə üzrə 20,000 nəfərdən çox insan itlərin hücumuna məruz qalıb. 2019-cu ilin təkcə 3 ayı ərzində Azərbaycanda 4909 nəfər heyvan zədəsi (cırmaqlama, dişləmə) ilə əlaqəli müvafiq tibb müəssisələrinə müraciət edib. Qeyri-rəsmi rəqəmlər isə daha çoxdur".

Hüquqşünasın sözlərinə görə, sahibsiz itlərlə bağlı problem isə artır ki, azalmır:

"Amma bu problem Gəncədə daha qabarıq özünü göstərir və sakinləri narahat edir. Son vaxtlar Gəncədə sahibsiz itlər həddən artıq çoxalıb. Şəhərin hər yerində küçə itlərini görmək mümkündür. Şəhərdə vəziyyət o yerə çatıb ki, sahibsiz itlər sürü halında şəhərin mərkəzi hissələrində, mikrorayonlarda, binaların həyətlərində, parklarda rahat şəkildə gəzərək, insanları narahat edirlər. Sahibsiz itlərin əlindən nəinki məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər belə çəkinirlər. Sürü halında və gecə vaxtı küçə itləri daha təhlükəli və aqressiv olurlar. Heç kəndlərdə belə Gəncədəki kimi küçə itlərinin hürüşməsinə rast gəlmək olmaz".

Əli İbrahimov diqqətə çatdırıb ki, Gəncədə il ərzində it dişləməsi halları da baş verir:

"Sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin yayıcılarıdır. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatçılıq doğurur. Gecə vaxtı onların səs-küy salaraq hürüşməsi ilə insanların istirahətini pozması adi hala çevrilib. Doğrudanmı indi kimsə quduz itin dişləməsindən ölməlidir ki, əlaqədar qurumlar Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi hərəkətə keçsin?! Əlbəttə, itləri öldürmək düzgün deyil, qeyri-insanidir, amma Gəncədə insan həyatı, əsasən də azyaşlılar üçün təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalı, sığınacaqlara yerləşdirilməlidir".



Mehman
Xəbəri paylaş