Mayın 14-ü “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyi (TÜİB) üzvlərinin növbəti dönəm seçkili ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, 4c ünvanında olacaq.
Yığıncağın gündəliyinə TÜİB-in illik hesabatı, 5. Dönəm İdarə Heyəti ilə Nəzarət və Təftiş Komisiyasının seçilməsi, nizamnaməyə dəyişiklik və cari məsələlərin müzakirəsi daxildir.
Xatırladaq ki, 2017-ci ilin əvvəlində təsis edilən «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər» İctimai Birliyi adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox saylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.
Təşkilatın qarşısında duran əsas hədəflər Azərbaycan və Türkiyənin mövcud iqtisadi potensialının gücləndirilməsi, iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, birgə əməkdaşlıq və investisiya yatırımlarını təşviq etməkdir.