"Ermənilər bir əsrdən çoxdur, saxta soyqırım iddiaları ilə özlərini məzlum xalq kimi təqdim etməyə çalışırlar. Bu saxta tarix ətrafında mif yaratma ənənələrini davam etdirirlər. Təəssüf ki, bəzi hallarda bu qondarma iddiadan siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Məsələyə siyasi nöqteyi-nəzərdən yanaşaraq, ermənipərəst mövqedən çıxış edərək, siyasi motivli qərəzli və ədalətsiz qərarlar da var. Bu isə bütün qonşularına ərazi iddiası olan Ermənistanın saxta iddialarının coğrafiyasını genişləndirməsi üçün zəmin yaradıb".
Bu fikirləri Newscenter.az-a bildirən Milli Məclisin deputatı Könül Nurullayeva qeyd edib ki, albuki ermənilərə dəstək xarakteri daşıyan qətnamə və bəyanat qəbul edən dövlətlər heç vaxt bu barədə nə Türkiyədə, nə də digər arxivlərdə araşdırma aparmayıblar, bunun marağında olmayıblar:
"100 il əvvəl baş verən olayları təhrif edənlər 30 il əvvəl məhz terrorçu Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı, eləcə də vaxtı ilə erməni millətçilərinin Mərkəzi Anadoluda törətdikləri qətlləri görməzdən gəlirlər. Bu məsələləri araşdırmaqda, həqiqəti olduğu kimi söyləməkdə, faktlara hüquqi qiymət verməkdə maraqlı görünmürlər".
Könül Nurullayeva diqqətə çatdırıb ki, hər il aprelin 24-ü öncəsi bu mövzu ətrafında bir ajiotaj müşahidə olunur:
"Erməni lobbisi təmsil olunduğu ölkələrdə fəaliyyətə keçir, bu saxta tarix ətrafında siyasi şoular təşkil edirlər. Lakin heç kim məsələnin tarixi aspektdən şərh olunmasını gündəmə gətirmir. Yalnız Türkiyə hər zaman arxivlərin açılmasının tərəfdarı olub. Ermənistan isə tarixi faktların üzə çıxmasında maraqlı deyil. Çünki bu soyqırım iddialarının saxta olduğunu təsdiqləyən faktlar kifayət qədərdir. Elə erməni mənbələrində də soyqırım iddialarının saxta olmasını sübut edən dəlillər kifayət qədərdir. Bu səbəbdən Ermənistan Türkiyənin arxivlərin açılmasına dair təklifini qəbul etməkdən boyun qaçırır".
Millət vəkili hesab edir ki, əslində qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır:
"Bu məsələdə Bakı ilə Ankaranın mövqeyi eynidir. Bu gün Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, ilk növbədə saxta iddialarından əl çəkməlidir. Çünki işğalçı zehniyyətlə normal qonşuluq münasibətləri qurmaq, əlaqələri inkişaf etdirmək mümkün deyil".
Ruhiyyə