Polşanın cənubundakı “Zofyuvka” mədənində baş verən güclü yeraltı təkan nəticəsində 4 şaxtaçı həlak olub.
Bu barədə "Jastszemba Coal Company" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Xilasedicilər 6 nəfərin axtarışlarını davam etdirirlər.
"Təhlükəli ərazidə vəziyyət ağırdır. Metan konsentrasiyasının yüksək olması, yüksək temperatur xilasetmə işlərinin intensivliyini azaldır", - şirkətdən bildirilib.
Bundan əvvəl aprelin 20-də Polşanın cənub-qərbindəki "Pniewek" kömür mədənində güclü metan partlayışı baş verib. Nəticədə biri xilasedici olmaqla 5 nəfər həlak olub. 20-yə yaxın mədənçi ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.