Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Zəfər Qurultayındakı çıxışı hər bir azərbaycanlının qəlbini qürurla doldurdu

Prezidentin Zəfər Qurultayındakı çıxışı hər bir azərbaycanlının qəlbini qürurla doldurdu


Bir neçə gün öncə Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının V Qurultayını keçirdi. Bu hadisə tarixə Zəfər Qurultayı kimi düşdü. Çünki Azərbaycanın tarixi Zəfərindən sonra ilk dəfə olaraq dünya azərbaycanlıları bir yerə toplaşaraq qurultay keçirdi. Prezident İlham Əliyevin aprelin 22-də Zəfər Qurultayındakı çıxışı isə hər bir azərbaycanlının qəlbini qürurla doldurdu.

Hələ illər öncə, Ümummilli lider Heydər Əliyev deyirdi ki, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Bu gün biz bir daha bu sözlərin təsdiqinin şahidi olduq. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu Qurultayda iştirak etmək üçün uzaq-uzaq ölkələrdən doğma Şuşanın görüşünə gəldilər. Bu möhtəşəm günü bizə bəxş edən və tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız Şuşanı azad etməklə tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmət göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi günü Azərbaycan xalqına bəxş etdilər.
Bu qələbəyə çatmaq üçün həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vurduq, bir hədəfə çatmaq üçün çalışdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Çünki torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə, öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdik ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi.

Bir vaxtlar "Kiçik Paris”, "Qafqazın sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi” və "Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri, nəhayət ki, doğmalarına qovuşub. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Keçdiyimiz yola nəzər salanda deyə bilərik ki, Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibə aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Çünki sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər.

Xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi. Eyni zamanda, öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdılar.

Bu gün müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmünaqişə dövründə göstərilən diplomatik səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaqdır.

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızda möhkəm dayanmışıq və heç kim, heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz. Çünki bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş