“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasını yekunlaşdırıb.
Newscenter.az xəbər verir ki, layihənin icra planına uyğun olaraq əvvəlcə talassemiya və və qohum nikahların səbəb olduğu genetik xəstəliklər, xəstəliyi yaradan səbəblər, qan donorluğunun bu xəstəliyin müalicəsində əhəmiyyəti ilə bağlı məlumatların toplandığı buklet “Qan ver, həyat xilas et” adlı buklet hazırlanaraq 900 ədəd çap edilib. Talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər, onların müalicə və müayinəsi, sümük iliyinin trasplantasiyası əməliyyatı ilə bağlı maarifləndirmə xarakterli 12 yazı hazırlanaraq mətbuatda dərc olunub.
Layihə çərçivəsində Şəki, Ağdaş, Mingəçevir, Neftçala, Oğuz və Masallı rayonlarına səfərlər təşkil edilib.
Şəki şəhərində 38 nəfər, Ağdaş rayonunda 28 nəfər, Mingəçevir şəhərində 32 nəfər, Neftçala rayonunda 34 nəfər, Oğuz rayonunda 31 nəfər və Masallı rayonunda 38 nəfərin iştirakı ilə tədbirlər keçirilib. Tədbirlərdə tibb işçiləri, müəllimlər, tələbələr, aktiv gənclər iştirak edib.
Keçirilən görüşlərdə layihənin eksperti, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi Nailə Babayeva talassemiya, qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər, qan donorluğu, donorluğun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı iştirakçılara məlumat verib. Bu xəstəliklərin yayılmasının qarşısının alınması və qan donorluğu barədə maarifləndirici söhbət edib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Tədbirlər zamanı təşkilatın sədr müavini Nəbili Emin bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 3 ay (fevral, mart, aprel) ərzində icra olunub və dövlətin bu sahədə gördüyü işlərə dəstək məqsədi daşıdığını bildirib: “Ölkəmizdə müasir tələblərə cavab verən səhiyyə müəssisələri tikilib, ən müasir tibbi avadanlıqlarla təmin olunub. 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya xəstələrinin müalicə və müayinəsinin aparılması məqsədi ilə “Talassemiyasız həyat naminə” layihəsinə start verildi. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqlarla təhciz olunmuş Talassemiya Mərkəzi tikilib istifadəyə verildi. Artıq bu Mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Talassemiya xəstəliyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən “Talassemiya ilə mübarizəyə dair 2015/2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlmiş 2015-ci ildə Sərəncam imzalamışdır.”
Layihə rəhbəri 2015-ci ildən nigaha daxil olan cütlüklərin tibbi müayinəsinin aparılmasının da milli genofondumuzun qorunması üçün çox mühüm addım olduğunu qeyd edib.
Qeyd edək ki, rayonlara səfərlər zamanı müvafiq idarə və təşkilatlara “Qan ver, həyat xilas et” adlı bukletlər verilib.