Kiyev Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya maliyyə yardımı üçün istifadəsinə dair ABŞ-la danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal CBS telekanalına müsahibəsində danışıb.
O, belə aktivlərdən istifadə mexanizminin işlənib hazırlanmasını “beynəlxalq məqsəd” adlandırıb:
“Biz ABŞ və bütün tərəfdaşlarımızla belə danışıqlar aparırıq. Bu, çox mühüm beynəlxalq məsələ və məqsəddir, bu dondurulmuş aktivləri əldə etmək və Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün bir həll tapmaq bütün sivil dünya üçün beynəlxalq məqsəddir”.
O əlavə edib ki, Ukrayna hakimiyyəti hazırda zərərləri nəzərdən keçirir və bütövlükdə ölkə iqtisadiyyatına dəyən ziyanı hesablayır: “Bütün bunlar Rusiya tərəfindən ödənilməlidir”. Onun sözlərinə görə, hazırda Ukraynanın ayda 4-5 milyard dollara ehtiyacı var və rəsmi Kiyev Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və “G20” ilə danışıqlar aparır:
“Söhbət, ilk növbədə, sayı təxminən 7 milyon nəfər olan Ukraynadakı köçkünlərə humanitar yardımdan gedir”.
Xatırladaq ki, fevralın sonunda – Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından bir neçə gün sonra ABŞ, Kanada və Avropa İttifaqı Rusiya Mərkəzi Bankının aktivlərini və ehtiyatlarını dondurmaq qərarına gəliblər. Bundan sonra Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Qərb sanksiyaları səbəbindən Rusiya ehtiyatlarının, demək olar ki, yarısına – təxminən 640 milyard dollardan 300 milyard dollarına çıxışı itirib.