Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi, dünya azərbaycanlılarının həmrəyliyinin təzahürü olmaqla yanaşı çox mühüm mənəvi, siyasi əhəmiyyətə malik qürurverici bir tarixi hadisədir. Bütün dünya ictimaiyyəti bir daha dünya azərbaycanlılarının öz prezindenti ətrafında sıx birləşməsinə, həmrəyliyinə şahidlik etdi.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Zəfər Qurultayı bir sıra məsələlər baxımından əlamətdar oldu. Qurultayda Azərbaycan diasporunun qarşısına yeni vəzifələr qoyuldu, növbəti illər üçün fəaliyyət planı müəyyənləşdirildi:
“Zəfər Qurultayında qələbəmizin memarı, qətiyyətli, uzaqgörən, müdrik Lider, Cənab Prezident İlham Əliyev çıxış nitqi səsləndirdi. Ölkə başçısı Şuşadan növbəti dəfə Ermənistandakı revanşist qüvvələrə və onun havadarlarına mühüm mesajlar göndərdi. Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır. Yaxşı olardı ki, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən nəticə çıxarsın və ara-bir baş qaldıran revanşist qüvvələrin təxribatlarının Ermənistan üçün hansı ağır nəticələrə gətirib çıxaracağını nəzərə alsın.”
Eyni zamanda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağını vurğulayan Ölkə başçısı, Ermənistan hakimiyyətinin Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqları qəbul etməli olduğunu diqqətə çatdırdı – deyən Sədaqət Vəliyeva əlavə edib ki, artıq erməni cəmiyyəti də yaxşı anlayır ki, Ermənistandakı mövcud revanşist qüvvələr və onların pozuculuq fəaliyyəti Ermənistanı məhvə sürükləyir. İllərdir erməni cəmiyyətini öz yalanları ilə aldadan bu revanşist qüvvələr, həm İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətin həm də mövcud iqtisadi, siyasi, sosial böhranın əsas səbəbkarlarıdır:
“Şuşada reallaşan Zəfər Qurultayı milli həmrəyliyimizin dünyaya nümayişi, diaspor təşkilatlarının fəaliyyətinin inkşafına təkan verilməsi və digər bir sıra möhtəşəm hadisələr baxımından əlamətdar oldu. Əlbətdə belə qürurverici anları bizə yaşadan, bizi həmişəlik qalib xalqa çevirən ölkə başçısı, Cənab Prezidentimiz İlham Əliyev və onun həyata keçirdiyi müdrik, uzaqgörən daxili və xarici siyasətdir.
Birliyimiz, həmrəyliyimiz əbədidir! Var olsun birliyimiz, var olsun həmrəyliyimiz!”
Ruhiyyə