İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ictimai fikirin qurum üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, Xidmətdə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayımlanan fikirləri diqqətlə təhlil edilir, fəaliyyətin təkmilləşdirilməsi və görülən işlərin operativ işıqlandırılması istiqamətində tədbirlər görülür.
Görüşdə həmçinin, antiinhisar nəzarəti və rəqabət sahələrində aparılan institusional islahatlar, Rəqabət Məcəlləsinin mahiyyəti və rəqabətin təşviqi üçün istifadə olunan yeni alətlər barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması məqsədilə prosedurların icra edilməsində maksimum rəqəmsallaşmaya üstünlük verilir. Qeyd edilib ki, bu baxımdan dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsinin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.
Tədbirdə ictimaiyyət nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi və Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı ictimaiyyəti maraqlandıran məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mehman