Azərbaycanda 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə, eləcə də regional təhlükəsizliyə, eyni zamanda sülhə səslənən növbəti çağırış idi.
Məhz “Şuşa ili”ndə Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi mənəvi və siyasi baxımdan böyük əhəmiyyət kəsb edən tarixi bir hadisədir.
Ali Baş Komandan Prezident İlham Əliyevin dediyi kimi, dünya azərbaycanlıları İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra ilk dəfə toplaşdılar. Doğrudan da 44 günlük Vətən Müharibəsində xalqımız 30 il davam edən işğala son qoymaq üçün ölkə Prezidentinin ətrafında sıx birləşdi, gücünü, iradəsini ortaya qoyaraq ədaləti və beynəlxalq hüququ bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə Vətən Müharibəsini tarixi qələbə ilə başa vurdu.
Beləliklə bu mötəbər tədbirin məhz Şuşa şəhərində baş tutması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi kimi, “Biz Qarabağa qayıdacağıq” tarixi sözlərinin gerçəkliyə çevrildiyini nümayiş etdirdi. Şuşa mədəniyyət paytaxtı kimi xalqımız üçün son dərəcə əziz, müqəddəs bir şəhərdir və bu şəhərə olan sevgi, bağlılıq hər bir Azərbaycan vətəndaşının mənəvi varlığının ayrılmaz parçasıdır.
Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.
Prezident İlham Əliyev tərəfindən "Zəfər Qurultayı" adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı milli birliyimizi, həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi. Qurultay son illər yüksək həmrəylik və birlik nümayiş etdirən, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayan doğma Qarabağımızın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun iştirak etdiyi ən böyük toplantıdır. İndiyə qədər keçirilən qurultaylar da diaspor quruculuğu işinə əsaslı töhfələr verib.
Qurultayda çıxış edən Prezident İlham Əliyev müharibənin gedişi, qələbənin əldə olunması üçün beynəlxalq müstəvidə aparılmış qətiyyətli fəaliyyət, beynəlxalq ictimai rəyi Azərbaycanın lehinə dəyişmək uğrunda görülən böyük işlər, ən əsası isə Azərbaycan əsgərinin və bütövlükdə xalqımızın milli həmrəyliyi ilə bağlı vacib məqamlara toxundu. Qısa zaman ərzində işğaldan azad edilmiş torpaqlarda aparılan böyük quruculuq işləri Azərbaycan xalqının Qarabağa qayıdışla bağlı əzmini və mövqeyini ortaya qoyur.
Belə tədbirlərin keçirilməsi Azərbaycan, onun gələcəyi üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmizin bölgədə böyük nüfuz və gücə sahib olduğunun göstəricisidir.
Bu qurultaylar dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, yəni Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini bir daha təsdiq edir və Prezidentin də söylədiyi kimi: “Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.
Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı