Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada daha bir “respublika” yaradılır?

Ukraynada daha bir “respublika” yaradılır?


Rusiya Ukraynada yeni qondarma separatçı respublika yaratmaq istəyir. Belə ki, işğalçılar Xerson vilayətində “xalq respublikası” yaratmaq məqsədilə aktiv fəaliyyətə başlayıb. Düzdür, Rusiya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Donbass və Luqanskın ardınca Xerson vilayətində də “xalq respublikası”nın yaradılması ehtimalının reallaşması mümkün görünür.

Referendumun vaxtı

Ukraynanın “Cənub” operativ komandanlığı məlumat yayıb ki, artıq buməqsədlə “referendum” keçirmək üçün hazırlıqlar gedir. İddiaya görə, “referendum”u 27 apreldə keçirmək planlaşdırılıb.

Ombudsman Lüdmila Denisova isə qondarma referendumun 1-10 may arasında keçiriləcəyinə cəhd ediləcəyi haqda məlumat aldığını deyib.
Xerson şəhər meri İqor Kolıxayev isə onda “referendumun tarixi” ilə bağlı hər hansı dəqiq məlumat olmadığını deyib.

Rəsmilərin açıqlamalarından belə bir nəticəyə gəlmək olar ki, Xersonda qondarma xalq referendumu 1-10 may arasında keçirilməsi daha realdır. Nəzərə alsaq ki, Kreml 9 May Qələbə Gününə ciddi hazırlıq işləri görür, referendumun da bu tarixə qədər keçirilmək etimalı yüksəkdir.
Xersonun Rusiya üçün əhəmiyyəti

Rusiya üçün Xerson hazırda bir neçə baxımdan əhəmiyyətlidir:

Birincisi, Xerson Rusiyanın Donetskdən Krıma qədər uzanan işğal xəttinin tamamlanması baxımından əhəmiyyətlidir. Xersonda qurulacaq qondarma respublika Kremlin Donetsk, Luqansk, Krım kimi Xersonda da möhkəmlənməsinə şərait yaradacaq.

İkincisi, Xersonun alınması Luqanskla arada qalan və Donetsk-Krım işğal xəttini tamamlayacaq son məntəqə olan Zaporojenin işğalını tezləşdirəcək. Artıq bir neçə gündür, rus qoşunları Zaporojeni də ələ keçirmək üçün ciddi hücumlar təşkil edir.

Üçüncüsü, Xerson Krım üçün həyati əhəmiyyətə malik bir bölgədir. Belə ki Xerson olmadan Krımın ilhaqının heç bir əhəmiyyəti yoxdur. Çünki Krımın su ehtiyatı məhz Xersondan keçən kanallar vasitəsilə təmin olunur.

Kremlin növbəti hədəfi


Xersonun ardınca Kremlin növbəti hədəfi şübhəsiz ki, Zaporoje bölgəsi olacaq. Zaporojenin işğalı ilə Krımdan Donbasa qədər uzanan işğal xətti tamamlanacaq. Mümkündür ki, Kreml həm də növbəti qondarma respublikanı Zaporojedə də qursun. Rusiya indiki məqamda 9 Maya qədər bu məqsədlərinə nail olmaq istəyir.

Ehtimal etmək olar ki, Kreml sonda bütün separatçı respublikaları “Novaya Rossiya” adlı konfederativ bir respublikada birləşdirib müstəqilliyini tanımağı hədəfləyir. Bu həm də Ukraynanın iki yerə parçalanması ssenarisinin reallaşması deməkdir.

Ukraynanın cavabı necə olacaq?

Rusiya Donetsk və Luqanska bənzər “Xerson Xalq Respublikası” təsis edərsə, bu Kiyev ilə Moskva arasında danışıqların yenidən kəsilməsinə səbəb ola bilər. Bu həm də müharibənin uzanması deməkdir. Müharibənin uzanması onsuz da Kremlin iqtisadi vəziyyətini günbəgün pisləşdirir. Qərbin artan iqtisadi və silah yardımı isə Ukraynanı gücləndirir. İndiki məqamda müharibənin uzanması Moskva üçün daha təhlükəli perspektiv vəd edir.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş