Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Çernobıl faciəsinin 36-cı ildönümü ilə əlaqədar sosial aksiya keçirib.
Newscenter.az xəbər verir ki, aksiya zamanı partiya fəalları Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və əlil olmuş rayon sakinlərini ziyarət edib, problemləri ilə maraqlanıb və ərzaq sovqatlarını çatdırıblar. Çernobıl əlilləri də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hələ 1993-cü ildə Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamışdı. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də Çernobıl əlillərini daim diqqət mərkəzində saxlayıb, təqaüdlərinin, müavinətlərinin artırılması haqqında sərəncamlar imzalayıb. Elə Nizami rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar da müxtəlif dərəcəli əlildirlər və onlar da dövlət tərəfindən müəyyən edilmiş təqaüd və müavinətlər ilə təmin olunublar.
Ruhiyyə