Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspor fəaliyyətinin inkişafında yeni mərhələnin başlanğıcı - Zəfər Qurultayı

Diaspor fəaliyyətinin inkişafında yeni mərhələnin başlanğıcı - Zəfər Qurultayı


Dünya Azərbaycanlılarının V Qurultayı mühüm tarixi və siyasi məqamları ilə yadda qaldı. Dünya azərbaycanlıları bu qurultaya müzəffər xalqın nümayəndələri olaraq toplaşmışdılar. Azərbaycan Prezidenti dünya azərbaycanlıları qarşısında çıxış edərkən qurultayı Zəfər Qurultayı adlandırdı və qurultay iştirakçılarına torpaqlarımızın işağldan azad edilməsi ilə bağlı geniş məlumat verdi. Bu ümummilli məsələdə dünya azərbaycanlılarının da yekdil həmrəylik nümayiş etdirdiklərini vurğulayan ölkə başçısı hər bir azərbaycanlının öz ali vəzifəsinin öhdəsindən layiqincə gəldiyini qeyd etdi. Azərbaycan xalqı ədalətli qələbə qazandı və məğrur, yenilməz xalq olduğunu dünyaya nümayiş etdirdi.

Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı 30 il ərzində həmin torpaqlarda olmazın vəhşiliklər törətmiş, çeşidli terror aktları həyata keçirmişlər. Bu müddət ərzində insanlarımızla yanaşı həmin ərazilərdə olan hər bir şəhər, hər bir kənd, tarixi, dini abidələrimiz, hətta təbiət belə erməni terrorundan əziyyət çəkmişdir. Azərbaycan Prezidenti Zəfər Qurultayında çıxış edərkən bir daha qeyd etdi ki, Azərbaycan xalqı heç zaman baş verənləri unutmayacaq. Lakin Azərbaycan xalqı və dövləti bütün bu ağrılı məqamlara baxmayaraq hər zaman sülhün təfərdarı olub. Məhz bu səbəbdən də Azərbaycan qarşı tərəfə sülh gündəliyini təqdim edib. Həyata keçirilən uğurlu xarici siyasət və ölkə başçısının qətiyyəti, diplomatik məharəti nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar artıq qonşu ölkələr, dünyanın böyük dövlətləri, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Hələ hərbi əməliyyatlar dövründə də Azərbaycanın haqlı mövqeyi Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.

Zəfər Qurultayında cənab Prezident dünya azərbaycanlılarının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində bundan sonra da fəal olmalarını xüsusilə vurğuladı. Bu ümummilli məsələdə həm hökumətin, həm səfirliklərin, həm də diaspor təşkilatlarının, həmçinin hər bir azərbaycanlının üzərinə böyük vəzifələrin düşdüyü ölkə başçısı tərəfindən qeyd edildi. Azərbycan Prezidenti Zəfər Qurultayındakı nitqi ilə eyni zamanda bu istiqamətdə həyata keçirilməli olan fəaliyyətlərin proqramını da müəyyənləşdirmiş oldu. Tarixi faktların hər zaman əsas götürülməsi, sübutlara istinad edilməsi hər bir məsələnin, xüsusilə də münaqişələrin siyasi və digər yollarla həll edilməsində vacib amil olduğu qeyd olundu. Bir sözlə, Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətin məlumatlandırılmalı olduğu Qurultayda əsas vəzifə kimi müəyyənləşdirildi.

Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistana bir sıra sərt xəbərdarlıqlar etməklə yanaşı, dünya erməniliyinə də müvafiq mesajlar verdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Azərbaycan xalqı öz torpağındadır. Artıq Azərbaycan xalqı öz əzmini, dövlətimiz isə öz gücünü Ermənistana və himayədarlarına göstərib, aparılan müharibədə Qələbə qazanıb. Ermənistan öz işğalçılıq siyasətindən birdəfəlik əl çəkməli və bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olmaldır.
Həm böyük tarixi, həm də mühüm siyasi əhəmiyyətə malik olan Zəfər Qurultayı dövlətimizin və dünya azərbaycanlılarının həyatında əlamətdar bir hadisə olaraq qalacaq. Eyni zamanda Zəfər Qurultayı Azərbaycanın diaspor fəaliyyətinin inkişafında yeni mərhələnin başlanğıcı rolunu oynaycaq.

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı

Xəbəri paylaş