Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Aqrar sahədə əməyin mühafizəsi” mövzusuna həsr olunmuş konfrans keçirilib

“Aqrar sahədə əməyin mühafizəsi” mövzusuna həsr olunmuş konfrans keçirilib


Bu gün Bakıda 28 aprel – Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar “Aqrar sahədə əməyin mühafizəsi” mövzusuna həsr olunmuş konfrans keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Kənd Təsərrüfatı Nazirliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Dövlət Əmək Müfəttişliyi Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev bildirib ki, sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsi bu gün bütün dünyada ən aktual məsələlərdən biri sayılır. Hazırda ölkədə çalışan işçi qüvvəsinin böyük hissəsinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olduğunu deyən Rafail Quliyev qeyd edib ki, aqrar sahədə intensiv olaraq maşın və aqreqatlardan, pestisidlərdən, həmçinin digər aqrokimyəvi maddələrdən istifadə edildiyindən bu sahədə əməyin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir. Fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədilə mütəmadi monitorinqlər təşkil olunur, aqrar sahədə çalışan işçilər mütəmadi olaraq təlimlərə cəlb olunur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov öz çıxışında ölkəmizdə əməyin mühafizəsinin təşkili və təmini işində həmkarlar ittifaqlarıının rolundan bəhs edib. O qeyd edib ki, işəgötürənlər həmkarlar ittifaqı komitələri ilə birlikdə əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov vurğulayıb ki, işçilər üçün sağlam və və təhlükəsiz əmək şəraitinin yaradılması işəgötürən və bu sahəyə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının ən başlıca vəzifələrindən biridir. O, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması və təcrübə mübadiləsinin aparılması işlərinin mütəmadi davam etdirilməsinin zəruri olduğunu qeyd edib.

Daha sonra sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının rəhbərləri fəxri diplomlarla təltif olunublar.

Konfrans öz işini “Əməyin mühafizəsi sahəsində çağırışlar” və “Aqrar sahədə əməyin mühafizəsi” mövzularına həsr edilmiş panel müzakirələrlə davam etdirib. Panel müzakirələrdə çıxış edən dövlət qurumlarının rəsmiləri əməyin mühafizəsi ilə bağlı standartlar, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılması, işçilərin layiqli əmək şəraiti ilə təmin olunmasına yönəldilmiş təşkilati, texniki, sanitar-gigiyenik və müalicəvi-profilaktik tədbirlər barədə təqdimatla çıxış ediblər. Təqdimatlardan sonra əməyin mühafizəsinin təşkili mövzusu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Sevinc
Xəbəri paylaş