Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə vəfat edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı təhsil ocağı yayıb.
Bildirilib ki, Leyla Gərayzadə 1947-ci il martın 1-də Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətində anadan olub. 1964-1971-ci illərdə BDU-nun Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. 1985-1988-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasının dissertantı olub. 1989-cu ildə “Sergey Vasilyev və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Leyla Gərayzadə 2003-cü ildə dosent, 2011-ci ildə “Milli və ümumbəşəri amillər Azərbaycan və Orta Asiyanın rusdilli yazıçılarının yaradıcılığında” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1973-1979-cu illərdə BDU-nun Təbiət fakültələri üzrə Rus dili kafedrasında müəllim (saat üzrə ödəniş şərtləri əsasında), 1979-1994-cü illərdə BDU-nun Humanitar fakültələr üzrə Rus dili kafedrasında baş laborant, müəllim və baş müəllim. 1994-2011-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasında dosent, 2013-2016-cı illərdə Rus ədəbiyyatı tarixi kafedrasında professor əvəzi, 2016-cı ildən Rus ədəbiyyatının tarixi kafedrasının professoru vəzifələrində çalışıb.
Leyla Gərayzadə elmi-pedaqoji fəaliyyəti dövründə 120-dən çox elmi məqalə, 10-dan çox kitab, metodik göstəriş və proqramın müəllifi olub.
Allah rəhmət eləsin!
Mehman