Ukraynanın Kiyev vilayətinin şimalındakı Demidov kəndinin su altında qalması paytaxtı Rusiya işğalından xilas edib.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Demidov İrpen çayının Kiyev su anbarına axdığı yerdəki bəndin dağıdılmasından sonra suyun altında qalıb. Yerli sakinlər qəsdən bəndi dağıdıb. Nəşr bildirib ki, əhalinin bu addımı işğalçıların paytaxt Kiyevə hücumunun faktiki qarşısını kəsib: “Ukrayna Rusiyanın irəliləyişini ləngitmək üçün öz ərazisində xaos yaradır”.
Nəşrin məlumatına görə, ukraynalılar kəndi və onun ətrafındakı əkin sahələrini qəsdən su altında qoyaraq Rusiya tanklarının Kiyevə hücumunun qarşısını alan bataqlıq yaradıb və orduya müdafiəni hazırlamaq üçün dəyərli vaxt qazandırıb.
Qeyd olunub ki, indi Demidov sakinləri su basmış zirzəmilərdən üzən konserv qutularını və kartofları çıxardırlar. Hələ zəif yaz günəşinin altında paltarlarını da qurutmağa çalışırlar. Bundan başqa, su basmış kənd evlərinin yaxınlığında leyləklər gəzir.
“The New York Times”ın müxbirinin sözlərinə görə, yerli sakinlər belə bir fədakarlıq etməli olduqları üçün peşman deyillər.